"Məktəblilər “Ədibin Evi”ndə" layihəsi çərçivəsində növbəti görüş “Müstəqilliyə aparan maarif yolu” mövzusuna həsr olunub.

 
"Azərbaycan müəllimi" Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, paytaxtdakı 54 nömrəli tam orta məktəbin şagirdləri görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın yaşadığı tarixi ünvanda ədibin həyat və yaradıcılığı ilə tanış olub, müstəqilliyə aparan şərəfli yolun tarixi ilə bağlı müzakirələr aparıblar.
 
“Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva görkəmli alim Mir Cəlalın Azərbaycan elminin, ədəbiyyatının və təhsilinin inkişafındakı misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, görkəmli yazıçı və pedaqoq Mir Cəlalın Azərbaycan ədəbi-bədii fikrində və elmində özünəməxsus yeri olan böyük bir şəxsiyyətdir. Ş.Mehrəliyeva Mir Cəlalın bədii yaradıcılığının müstəqillik, müasirlik ideyaları ilə seçildiyini və əsərlərinin mövzu, ideya və sənətkarlıq xüsusiyyətlərinin bu gün də öz aktuallığını qoruyub saxladığını söyləyib.
 
Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolundan bəhs edib. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti az bir müddət yaşasa da, XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olub və xalqımızın müstəqilliyinin,  suverenliyinin təməlini qoyub. Məhz buna görə də Azərbaycan vətəndaşları, Azərbaycan Xalq Cümhuriyyətini yaradanları böyük minnətdarlıq hissi ilə yad edir.
 
Sonda məktəblilərə Mir Cəlalın “İki rəssam” kitabının nüsxələri hədiyyə edilib.
 
Qeyd edək ki, "Məktəblilər “Ədibin Evi”ndə" layihəsinin əsas məqsədi məktəblilər arasında mütaliə vərdişlərinin genişləndirilməsi, ədəbiyyata marağın artırılması, şagirdlərin məşhur ədəbi simalar və onların yaradıcılıq nümunələri ilə tanışlıq imkanlarının təmin olunmasından ibarətdir.