Artıq 2 ilə yaxındır ki, ölkəmizin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması həyat keçirilir. Hər bir təhsilverənin, ümumilikdə, 3 dəfə olmaqla 5 ildən bir iştirakı ilə keçirilməsi nəzərdə tutulan bu konsepsiya təhsilin keyfiyyətini yüksəltmək baxımından təsirli mexanizmdir. Sertifikatlaşdırma, ilk növbədə, bilik səviyyəsi yüksək olan müəllimləri aşkarlayır, onların maddi stimullaşdırılmasını təmin edir, eyni zamanda zəif nəticə göstərənlərin övladlarımızın gələcəyini təhlükə altına atmasına mane olur. Sertifikatlaşdırma müəllimlərin maddi həvəsləndiriliməsində əhəmiyyətli rol oynayır. Bu prosesə ilk olaraq ibtidai sinif müəllimləri cəlb olunub. Daha sonra Azərbaycan dili və ədəbiyyat müəllimlərinin biliklərinin yoxlanılmasına başlanılıb. Digər fənn müəllimləri də sertifikatlaşdırmadan keçəcək.
İlk baxışdan proses asan görünsə də mahiyyət etibarilə çətin və uzunmüddətlidir. Bu baxımdan cəmiyyətdə müəyyən mübahisə və narazılıqlar da var. Məsələni ətraflı araşdırmaq üçün “Xalq qəzeti”ndə "dəyirmi masa" müzakirəsi təşkil edildi. Müzakirələrdə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, ETN-in Məktəbəqədər və ümumtəhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu, Azərbaycan Respublikasının Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin şöbə müdiri Muxtar Hacıyev, “Məktəbəqədər və ibtidai təhsil” jurnalının baş redaktoru Böyükağa Mikayıllı, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli və digərləri iştirak etdilər.
Müzakirəni giriş sözü ilə açan “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov bildirib ki, ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması, eyni zamanda ölkə miqyaslı ictimai hadisədir. Buna görə də media təmsilçilərinin, jurnalistlərin prosesə marağı böyükdür. Marağı şərtləndirən başlıca indikator ümumən təhsilin keyfiyyətinin yüksəldilməsinin prioritet götürülməsidir. Bu isə öz, növbəsində, dövlətimizin mənafelərindən irəli gəlməkdədir: “Təhsil elə bir strateji sahədir ki, orada dövlət siyasəti ilə cəmiyyətin tələblərinin uzlaşdırılması vəhdətdə götürülməlidir. Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılmasına maraq bundan qaynaqlanır. Deməli, mövcud sahədə ictimai müzakirələrin təşkilinə ehtiyac var. Bu gün “Xalq qəzeti”ndə mövzuya yer verilməsi də bu ehtiyacın ödənilməsinə töhfə vermək niyyətinin ifadəsidir. Əminəm ki, müzakirələrimiz səmərəli keçəcək və ümumi işə fayda gətirəcək”.
Səbuhi Rzayev,
ETN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri:
– Əflatun müəllim, aktual mövzu olan müəllimlərin sertifikatlaşdırılması ilə bağlı "dəyirmi masa" təşkil etdiyinizə görə minnətdarlığımızı bildiririk. Müəllimlərin sertifikatlaşdırılmasını önəmli və çağdaş təhsil islahatı saymaq olar. Bu il ölkəmizdə 3-cü dəfə sertifikatlaşdırma həyata keçiriləcək. Etiraf edim ki, birinci il bütün müəllimlərdə ilk şans olduğu üçün ciddi rezonans doğurmadı. İkinci ildə əvvəlki mərhələdən keçməyənlərə yenidən şans verildi. Keçən il göstəricisi zəif olan 743 müəllimin əmək müqaviləsinə xitam verildi. Bu il 2023-cü ildə uğur qazanmayan, təxminən 8 mindən çox müəllimə yenidən şans veriləcək. Başa düşülməlidir ki, bu islahat gələcəyimiz üçün atılan addımdır. Burada heç bir mənfi məqam yoxdur.
Hansı valideyn istəyər ki, onun övladına biliyi, təcrübəsi zəif olan müəllimlər dərs desin? Sözsüz ki, uğur qazanmayan müəllimlər arasında müəyyən narazılıqlar olur. Buna görə də ictimaiyyətin, ziyalıların, medianın, təhsil ekspertlərinin dəstəyinə ehtiyacımız var. Bu baxımdan “Xalq qəzeti”ndə təşkil edilən bu "dəyirmi masa"nı əhəmiyyətli hesab edirik.
Qeyd edim ki, Elm və Təhsil Nazirliyi işinə xitam verdiyi 743 müəllimin yerinə, təxminən 200-ə yaxın kadr götürüb. Digər dərs saatları isə səriştəsi yüksək, lakin dərs saatı az olan müəllimlərə verilib. Nazirlik bu prosesdə sosial cəhətdən həssas ailələri diqqətdə saxlayır, həmin müəllimlərə yetərincə imkanlar yaradır. Belə ki, işinə xitam verilmiş 743 müəllimin təxminən 150-si sosial həssas qrupdan idi. Onlar məktəblərdə digər işlə təmin ediliblər. Keçən il sertifikatlaşdırmada uğur qazanmayan 8 minədək müəllimin də sosial vəziyyəti təhlil edilib. Məqsəd kimlərisə işdən azad etmək deyil. Yəni pedaqoji fəaliyyətinə xitam verilmiş müəllimlər başqa işlərə cəlb edilir.
Sertifikatlaşdırmanın növbəti mərhələsində, 5 il tamamlanandan sonra qiymətləndirmə meyarları da dəyişə bilər. Məsələn, müəllimin dərslərini izləmək, şagirdlərlə işləmə bacarığını yoxlamaq kimi yeniliklər edilə bilər.
Vəfa Yaqublu,
Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri:
– İlk növbədə, sertifikatlaşdırmanın tarixindən söz açmaq istərdim. Sertifikatlaşdırmadan danışanda daha çox 2022-ci ildən söz düşür, lakin bu proses 2013-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsaslanır. Strategiyanın bir istiqaməti də təhsilverənlərin keyfiyyət göstəricilərinin artırılmasıdır. Bu da təhsil sisteminin qarşısına ciddi vəzifələr qoyur. Belə ki, 2014-cü ilin əvvəllərindən başlayaraq, təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəricilərinin ölçülməsi istiqamətində müxtəlif tədbirlər görüldü, mərhələli şəkildə müəllimlərin diaqnostik qiymətləndirilməsi aparıldı. Diaqnostik qiymətləndirmələr göstərdi ki, müəllimlərin bəlli bir hissəsi tədris etdiyi fənni bilmir. İlk atılan addım o oldu ki, kütləvi şəkildə bütün ixtisasartırma təlimlərinin məzmunu dəyişdirildi, aşağı nəticə göstərmiş müəllimlərə öz fənni yenidən öyrədildi. Adətən müəllim ixtisasartırma kursuna qatılanda ona şagirdlərlə işləmə metodları, İKT-dən istifadə qaydaları, fəndəki yeniliklər öyrədilir. Reallıq bizi məcbur etdi ki, 2015-ci ildə ixtisasartırma təlimlərinə ayrılmış büdcəni tamamilə fənnin öyrədilməsinə yönəldək. 120 akademik saatlıq proqramlar hazırlandı və ölkənin bütün regionlarında kurslar təşkil edildi. Amma o mərhələdə heç bir müəllim işdən uzaqlaşdırılmadı. Əksinə, Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il tarixli 994 nömrəli Sərəncamına əsasən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan yaxşı nəticə göstərmiş müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırıldı.
Növbəti addım isə sertifikatlaşdırma oldu. 2018-ci ildə müəllimlərin sertifikatlaşdırılması anlayışı təhsil qanunvericiliyinə əlavə edildi. Sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı müvafiq qərarlar qəbul edildi. Deyərdim ki, təhsilverənlərin peşəkarlığının yüksəldilməsi baxımından bu proses zəruri idi. 2022-ci ildə ibtidai sinif müəllimləri Azərbaycanın 4 regionunda sertifikatlaşdırma prosesinə cəlb edildilər. Test imtahanında seçilmiş suallar, verilmiş tapşırıqların mürəkkəblik səviyyəsinin optimal olması həmişə diqqətdə saxlanılıb. 2022-ci ildə başladığımız prosesi 2026-cı ildə tam şəkildə başa çatdırmalıyıq. Elm və təhsil naziri Emin Əmrullayev də dəfələrlə bildirib ki, biz şagirdlərimizin, gələcəyimizin naminə bu işləri yüksək səviyyədə görməliyik. Fənnini bilməyən şəxsin müəllim kimi işləməsinə göz yummaq uşaqlarımızın gələcəyini təhlükəyə atmaq deməkdir. Bizim işimiz şagirdin mənafeyini qorumaqdır. Və biz, ilk növbədə, şagirdin mənafeyi baxımından çıxış edirik.
Savad səviyyəsi aşağı olan müəllimlərin məktəblərdə dərs deməsinin səbəbini 20–30 il bundan əvvəldə axtarmalıyıq. O dövr keçid dövrü idi, ölkədə quruculuq işləri yeni aparılırdı, qismən nəzarətsizlik var idi. Bu, bütün ölkələrdə belədir – keçid dövründə ictimai sahələrdə təlatümlər olur. O zaman məktəbə rüşvət, qohumbazlıq və ya sadəcə “əl tutmaq” çətiri altında daxil olan təsadüfi şəxslər müəllim imicini korladı. Bu gün isə artıq 10 ildir ki, müəllim işə imtahan verərək qəbul edilir. Müəllimlərin işə qəbulu imtahanından keçmiş müəllimlərimizin sertifikatlaşdırma nəticələri 20–30 il əvvəl işə götürülmüş müəllimlərin nəticələrindən yüksəkdir.
Bir daha qeyd edək ki, savadsız adamların bir hissəsi himayədarlıqla təhsil sahəsinə gəlibsə, digər hissəsi sosial dəstək göstərilməsinin nəticəsidir. Məsələn, o zamanlar öz yurd-yuvasından məcburi köçkün düşmüş müəllimləri işlə təmin etmək lazım idi. Nəticədə, lazım olandan xeyli çox sayda müəllim işə götürülmüşdü. Məsələn, bizdə məktəblər var ki, cəmi 4 ibtidai sinif komplekti var, lakin orada 12 müəllim çalışır. Halbuki, 4 sinfə 4 müəllim dərs keçməlidir. 4 müəllim dərs deyəndə normal maaş ala bilir. Amma misal çəkdiyim halda 4 müəllimin maaşı 12 yerə bölünür ki, bu da cüzi məbləğ edir və müəllimin rifahı təmin olunmur. Bizdə elə məktəblər var ki, 5 şagirdə 8 müəllim dərs deyir. Burada yüksək nəticə də olmur. Sual yaranır, biz hansı müəllimi saxlayaq? – Əlbəttə, bilikli, səriştəli olanı. Bu da sertifikatlaşdırmanı zəruri edir. İşlərinə xitam verilən müəllimləri müəllimlərin işə qəbulu müsabiqəsində yüksək bal toplayan müəllimlər əvəz edəcək. Yenə də təkrar edirəm, burada qazancımız uşaqların bilikli, bacarıqlı olmasıdır.
Muxtar Hacıyev,
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin şöbə müdiri:
– 2022-ci ildən etibarən təşkil olunan sertifikatlaşdırma prosesinə pedaqoji stajı 3 il olan müəllimlər cəlb olunurlar. Belə ki, hər il prosesə cəlb olunacaq fənlər elan olunur. Bir sıra təhsilverənlər isə hələlik sertifikatlaşdırmadan keçmirlər. Onlara hamilə qadınlar, uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniy-yət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olub 3 ildən az müddətdə pedaqoji fəaliyyətlə məşğul olanlar və azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş müəllimlər aiddir.
Bundan başqa, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliyə əsasən, pedaqoji staj üzrə tələb 5 ildən 3 ilə endirilmiş, eyni zamanda 60 və daha yuxarı yaşda olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı könüllüdür. Sertifikatlaşdırmaya cəlb edilməyən bu kontingentin maaşlarına artım tətbiq edilmir.
Bu il prosesə ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22 və 24 iyun tarixlərində elektron qaydada təşkil olunacaq. İmtahan vaxtı və məkanı barədə məlumat 15 mayda müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Sertifikatlaşdırma prosesində ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, rus dili və ədəbiyyatı (rus bölməsi), fransız dili ) fənlərini tədris edən, pedaqoji stajı 3 il olan 24 000-dən çox müəllim iştirak edəcək. Prosesi uğurla tamamlayan təhsilverənlərin sertifikatlarının elektron formada təqdim edilməsi ilə bağlı işlər görülür.
Sertifikatlaşdırma 2 mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla keçirilir. Test mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Bu mərhələyə 120 dəqiqə vaxt ayrılır. Test mərhələsində hər bir suala düzgün cavab“1” balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması “0” bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. Sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir. Təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan dərhal sonra elan edilir. Sertifikatlaşdırmanın test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar.
Müsahibə mərhələsi meyarlar əsasında maksimum 40 balla qiymətləndirilir. Bu meyarlara proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarıqları daxildir. Hər bir meyar 4 ballıq şkala əsasında ölçülür. Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.
Bunlarla yanaşı, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya test imtahanı mərhələsindən keçməyən şəxslərin 1 il müddətində iş yeri saxlanılmaqla, prosesdə təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ var. Test mərhələsində uğur qazanmayan müəllimlər test imtahanına, müsahibədən keçməyənlər isə birbaşa müsahibə mərhələsinə dəvət olunurlar. Ötən il prosesdə uğur qazana bilməyən müəllimlər cari ilin 8 iyununda təkrar sertifikatlaşdırmaya cəlb olunacaqlar.
Naxçıvanda bu il ilk dəfə mərkəzləşdirilmiş qaydada sertifikatlaşdırma prosesi təşkil olunacaq və prosesə pedaqoji təcrübələrinin 3 ili bu il tamam olmuş müəllimlər cəlb ediləcəklər. Qanunvericiliyin tələblərinə müvafiq olaraq, 1 ay öncədən təkrar sertifikatlaşdırmanın imtahan tarixi və məkanı barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Sevindirici haldır ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə vasitəsilə əmək fəaliyyətinə başlayan müəllimlərin hamısı sertifikatlaşdırmada uğur qazanıb. Bu, bir daha müəllimlərin işə qəbulu prosesinin təhsil sistemimiz üçün uğurlu yanaşma olduğunu göstərir.
Azərbaycan Respublikasının Təhsil İnstitutu təhsilverənlərin sertifikatlaşdırılması prosesinə müəllimlərin hazırlığına dəstək göstərmək və məlumatların əlçatanlığını təmin etmək məqsədilə nümunə suallar, videomateriallar və qiymətləndirmə çərçivəsi tərtib edib. Eyni zamanda Təhsil İnstitutunun sertifikatlaşdırma prosesində uğur qazanmayan müəllimlər üçün təşkil etdiyi təlimlər və dəstəkləyici vebinarlarda mövzular fənn və tədris metodikasını əhatə edir.
Sertifikatlaşdırma diferensiallaşmış əməkhaqqı sisteminin tətbiqinə uyğun əməkhaqqı artımına və sosial rifahın yüksəlməsinə imkan yaradır. Sertifikatlaşdırmadan keçmiş 31 min 947 təhsilverənin vəzifə maaşına artım tətbiq olunub. Təkrar sertifikatlaşdırma prosesində deyildiyi kimi, ümumilikdə, 743 nəfər uğur qazanmayıb və həmin təhsilverənlərlə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Böyükağa Mikayıllı,
təhsil eksperti, “Məktəbəqədər və ibtidai təhsil” jurnalının baş redaktoru:
– Müəllimlərin sertifikatlaşdırıması prosesinin elmi-pedaqoji mətbuatda təhlil olunması, tədqiqatların, bu mövzu ilə bağlı elmi araşdırmaların aparılması vacib məsələlərdən biridir. Strategiya məhz tədqiqatlara əsasən formalaşır. Sertifikatlaşdırma prosesinin əsl mahiyyəti dərk olunmadan sosial şəbəkələrdə, bəzi saytlarda müzakirəyə çıxarılaraq ictimai fikirdə yanlış təsəvvürün formalaşmasına cəhd göstərilir. “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiyası müəllimlərin sertifikasiyasının elmi-nəzəri, metodoloji əsaslarını araşdırmaq məqsədilə tədqiqat qrupu yaradıb və aparılan araşdırmalardan biri jurnalda dərc olunub. Elmi əsaslı istənilən layihənin uğur qazanacağı şübhə doğurmur.
Sertifikatlaşdırma dünyada təhsil sistemlərinin inkişafına, müəllimlərin elmi-pedaqoji, nəzəri biliklərinin müasir dövrün tələbləri səviyyəsində formalaşmasına, onların metodiki ustalıqlarının inkişafına, eləcə də işçilərin sosial vəziyyətlərinin yaxşılaşmasına təkan verən proses kimi qəbul edilir. Məhz sertifikatlaşdırma nəticəsində təhsil idarəediciləri sistemin problemlərini müəyyənləşdirə və ondan çıxış yollarını aydınlaşdıra bilirlər. Çox yaxşı haldır ki, Azərbaycanda da bu tendensiya yaranmaqda, milli təhsil sisteminin sertifikatlaşdırma təcrübəsi formalaşmaqdadır. Bu proses dünyanın ayrı-ayrı ölkələrinin təhsil sistemlərində tətbiq edilir. Müəllimlərin sertifikatlaşdırılmasının keçirilməsinə yanaşmalar fərqli olsa da, prosesin fəlsəfəsi, onun mahiyyəti hər yerdə eynidir. Məqsəd müəllimin peşəkar hazırlığını zamanın ruhuna uyğunlaşdırmaqdır.
Dövr sürətlə dəyişir və bu özü ilə bərabər, böyüyən nəslin düşüncəsində, dünyagörüşündə, həyata baxışlarında fərqli yanaşmalar meydana gətirir. Uşaqların informasiya almaq, ünsiyyət qurmaq imkanları getdikcə genişlənir. Bu, istər-istəməz yeni mədəniyyət, fərqli baxışlar sistemi yaradır. Müəllimin bu sistemdə özünü rahat hiss etməsi onun mütəmadi olaraq pedaqoji ustalığını təkmilləşdirməsinə bağlıdır. Sertifikatlaşdırma məhz bu prosesin nizamlanmasına dəstək verməklə, müəllimin nəzəri-pedaqoji-metodiki hazırlığını dövrün tələbləri səviyyəsində qurmasına yol açır. Bu proses pedaqoji ictimaiyyətin düşüncəsinə belə bir fikri diktə edir: peşəkar inkişaf davamlı mütaliyəyə bağlıdır.
Müəllimlərin sertifikatlaşdırılması prosesi təhsil sistemləri üçün həmişə faydalı olub və müasir dövr bu aktuallığı daha da artırmaqdadır. Pedaqoji sahə insan kapitalını formalaşdırdığı, mənəvi, intellektual inkişafa zəmin yaratdığı üçün burada müsbət tendensiyasını izləmək olduqca vacibdir. Sertifikatlaşdırmanın yalnız müəllimlərin bilik və bacarıqlarının, onların pedaqoji hazırlıq səviyyələrinin yoxlanılması kimi dərk olunması doğru deyil. Çünki sertifikatlaşdırmanın pedaqoji-fəlsəfi əsasları daha dərin köklərə malikdir. Bu proses pedaqoji kadr hazırlığından başlayır və müəllimlik fəaliyyətinin bütün dövrlərini əhatə edir.
Sertifikatlaşdırma konseptual olaraq, müəllimin pedaqoji ustalığını artırmasının vacibliyinin dərkinə yol açır, təhsilverən üçün mütaliə vərdişləri sistemə çevrilir. Dövri olaraq keçirilməsi nəzərdə tutulan proses müəllimi sistemli özünütəkmilləşməyə hazırlayır. Nəticə etibarilə onun pedaqoji ustalığı və bununla bərabər, işinin səmərəsi yüksəlir. Bu, eyni zamanda maraq və həvəs yaradır. Müəllimin yüksək marağı və təşəbbüskarlığı tədris prosesinin keyfiyyətinə yol açan ən mühüm amildir.
Sertifikatlaşdırma nəticələrinin müəllimlərin əməkhaqqına təsiri də bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Müşahidələr onu deməyə əsas verir ki, Azərbaycanda müəllimlərin peşəkarlıq səviyyəsi artan dinamika üzrə inkişaf edir. Şübhə yoxdur ki, bunun təməlində bir tərəfdən müəllimlərin işə qəbulu prosesinin yeni qaydalar üzrə aparılması, digər tərəfdən isə müəllimlərin sertifikatlaşdırmanın yaratdığı pedaqoji-psixoloji atmosfer dayanır. Təhsil sistemində dərk olunur ki, şagirdlərin uğurlarının əsası savadlı müəllim amilinə söykənir. Bilikli müəllim hər kəsin – valideynin, məktəbin, şagirdin, ümumilikdə, cəmiyyətin arzuladığı şəxsdir. Belə bir müəllimin formalaşması isə peşəkar özünütəkmilləşdirmədən, sistemli mütaliədən, işinin səmərəsini artırmaq üçün aparılan araşdırmalardan, tədris metodlarını mütəmadi olaraq yeniləmək imkanlarından, ardıcıl olaraq təcrübə mübadilələrində iştirak etməkdən keçir. Sertifikatlaşdırma sisteminin tətbiqi müəllimi bu proseslərə fəal qoşulmağa hazırlayır.
Müşfiq Ələsgərli,
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü:
– Hesab edirəm ki, hazırkı dövrdə sertifikatlaşdırma imtahanlarının keçirilməsinə ehtiyac var. Nəzərə alsaq ki, illər öncə təhsilimizdə baş verən səbəblər nəticəsində bəzi məktəblərimizdə müəyyən xoşagəlməz vəziyyətlər yaranıb. Ona görə də hazırda Elm və Təhsil Nazirliyi bu məsələdən çıxış yolunu sertifikatlaşdırmada görür və bu proses davam edir. Müəllimlərin sertifikatlaşdırmaya cəlb edilməsi onların bilik və bacarıqlarının artırmasını zəruri edir. Hazırda gözləntilərimizin ikinci tərəfi müəllimlərimizin öz üzərlərində işləməsi, özlərini inkişaf etdirmələridir. Çox təəssüflər olsun ki, hətta nazirlik yeni dərslikləri çap edəndə belə, bəzi müəllimlər həmin vəsaitləri oxumurdu. Dərs prosesində ümumi, köhnə bilikləri əsasında iştirak edirdilər. Sertifikatlaşdırma müəllimlərimizin bilik və bacarıqlarını artıracaq. Onların tədris etdiyi dərsdə də keyfiyyət artımı görəcəyik. Müəllimlər öz üzərlərində işləyirlər. Bütün müəllimlər hazırlaşırlar, kitab oxuyurlar. Bu yerdə mənim nazirliyin nümayəndələrinə sualım var:
– Məktəbəqədər təhsil müəssisələrində çalışan müəllim-tərbiyəçilərin də sertifikatlaşdırmaya cəlb edilməsi gözlənilirmi?
Səbuhi Rzayev:
– Növbəti illərdə məktəbəqədər təhsil müəssisələrində çalışan müəllim-tərbiyəçilər də sertifikatlaşdırmaya cəlb ediləcəklər. Bununla bağlı müvafiq qərarlar da qəbul edilib. Bu il bağçalarda ilkin diaqnostik qiymətləndirmə olacaq. Bu göstəricisi zəif olan müəllimlərin işdən çıxarılmasına əsas verməyəcək.
Rizvan Fikrətoğlu,
“Xalq qəzeti”nin əməkdaşı:
– Məktəbəqədər təhsil müəssisələri əvvəllər yerli icra hakimiyyətlərinin tabeliyində olanda buraya müəllim-tərbiyəçi kimi qəbul edilən şəxslərin bir qisminin ya müvafiq təhsili yox idi, ya da başqa bir ixtisası var idi. Belə müəllimlər sertifikatlaşdırmaya cəlb ediləcəklərmi? Ümumiyyətlə, elə müəllimlərin tədrisdə qalması düzgündürmü?
Muxtar Hacıyev:
– Qeyd edildiyi kimi, ilk növbədə, diaqnostik qiymətləndirmə olacaq, daha sonra sertifikatlaşdırma keçiriləcək. Diaqnostik qiymətləndirmə məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərin hansı səviyyədə olmasını göstərəcək. İxtisası başqa olan müəllimləri də sertifikatlaşdırmaya buraxıb onlara şans yaradacağıq. Onlar o müəllimlər olacaq ki, uzun müddətdir çalışırlar. Bizim şərtləri ödəyəcəklərsə, uğur qazanacaqlarsa, işləyəcəklər. Həm də müəllim qəbulunda o dövrün tələbləri də başqa idi. Bir daha nəzərə alaq ki, sertifikatlaşmanın məqsədi müəllimləri tədrisdən kənarlaşdırmaq deyil, daha savadlı kadrları işə cəlb etməkdir.
Rizvan Fikrətoğlu:
– "Dəyirmi masa"da müəllimlərin sertifikatlaşdırma prosesindən danışıldı, təhlillər aparıldı. Amma nəticələrə, keyfiyyət göstəricilərinə toxunulmadı. Maraqlıdır, sertifikatlaşmada uğur qazanmış müəllimlərin şagirdlərinin nəticələri hansı səviyyədədir? Sinifdən-sinfə keçid və tələbə qəbulu imtahanlarının nəticələrini nəzərdə tuturuq.
Vəfa Yaqublu:
– Şagirdlərin 4-cü sinif nəticələrinə görə ölkə üzrə rayonların, məktəblərin reytinqini çıxarırıq. Cari ildə 6-cı sinif şagirdlərinin nailiyyətlərini ölçmək üçün monitorinqlər aparılıb. Eyni zamanda buraxılış siniflərinin nəticələrini Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlardan sonra görə bilirik. Təəssüf ki, biz burada yalnız Azərbaycan dili, riyaziyyat və xarici dil olmaqla 3 fənnin nəticəsini görə bilirik. Söhbət konkret olaraq, sertifikatlaşdırmadan keçmiş müəllimlərin şagirdlərinin nəticələrindən gedirsə, biz onu tam təhlil edə bilmirik. Çünki sertifikatlaşma cəmi 2 ildir keçirilir.
Rizvan Fikrətoğlu:
– Növbəti sual müəllimlərin maaş məsələsi ilə bağlıdır. Mövcud qaydalara görə, 30-50 arası bal toplayan müəllimlərin maaşı 10, 51-60 bal üzrə toplayan isə 35 faiz artırılır. 30-50 aralığında 20 bal fərqi var. 30 suala cavab vermiş müəllimlə, sualların 83,3 faizini düz cavab yazmış müəllim arasında maaş hesablanarkən niyə fərq qoyulmur? Məsələn, 31-35 bal toplayan müəllimlərin maaşı 10 faiz, 36-40 bal toplayanların 15 faiz, 41-48 bal toplayanların 25 faiz, 49-54 bal toplayanların 30 faiz, 55-60 bal toplayanların maaşı isə 35 faiz artırıla bilməzmi?
Muxtar Hacıyev:
– Biz hansısa yarışma keçirmirik, müəllimin səriştəsini, biliyini qiymətləndiririk. Müəllimlərin maaşının artırılması isə stimullaşdırıcı tədbir sayılır. Yəni 30 balı keçirsə, maaşına 10 faiz əlavə gəlir. Başqa bir təbəqə var ki, yüksək nəticə göstərir. Biz bu yüksək nəticəni 51-60 bal aralığında müəyyən edirik ki, həmin müəllimlərin də maaşına 35 faiz əlavə pul hesablanır. Bu məsələ isə müvafiq qanunlarla, qərarlarla təsdiqlənib, öz əksini tapıb.
Səbuhi Rzayev:
– Bilirik ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanında müəyyən say var ki, o şəxslərə Prezident təqaüdü verilir. 51-60 bal arası nəticə göstərən müəllimlərin maaşına əlavə edilən 35 faiz artım da belə qiymətləndirmədir. Yarışma dili ilə desək, buna top 5-lik, top 10-luq deyilir.
Rizvan Fikrətoğlu:
– Məktəb direktorları və onların müavinlərinin sertifikatlaşması ilə bağlı hansı yeniliklər var?
Muxtar Hacıyev:
– Son əlavədə göstərilir ki, sertifikatlaşmaya rəhbər heyət yox, pedaqoji heyət cəlb olunacaq. Əgər rəhbər heyət həm də dərs keçirsə, o fəndən sertifikatlaşmaya cəlb ediləcək.