Sertifikatlaşdırma "Xalq qəzeti"nin "dəyirmi masa"sında: Məqsəd yüksək səriştəli müəllimləri üzə çıxarmaqdır
Artıq 2 ilə yaxındır ki, ölkəmizin ümumi təhsil müəssisələrində çalışan müəl­limlərin sertifikatlaşdırılması həyat keçirilir. Hər bir təhsilverənin, ümumilikdə, 3 dəfə olmaqla 5 ildən bir iştirakı ilə keçirilməsi nəzərdə tutulan bu konsepsiya təhsilin keyfiyyətini yüksəltmək baxımından təsirli mexanizmdir. Sertifika­tlaşdırma, ilk növbədə, bilik səviyyəsi yüksək olan müəllimləri aşkarlayır, onların maddi stimullaşdırılmasını təmin edir, eyni zamanda zəif nəticə göstərənlərin övladlarımızın gələcəyini təhlükə altına atmasına mane olur. Sertifikatlaşdır­ma müəllimlərin maddi həvəsləndiriliməsində əhəmiyyətli rol oynayır. Bu prosesə ilk olaraq ibtidai sinif müəllimləri cəlb olunub. Daha sonra Azərbaycan dili və ədəbiyyat müəllimlərinin biliklərinin yoxlanılmasına başlanılıb. Digər fənn müəllimləri də sertifikatlaşdırmadan keçəcək. 
 
İlk baxışdan proses asan görünsə də mahiyyət etibarilə çətin və uzun­müddətlidir. Bu baxımdan cəmiyyətdə müəyyən mübahisə və narazılıqlar da var. Məsələni ətraflı araşdırmaq üçün “Xalq qəzeti”ndə "dəyirmi masa" müzakirəsi təşkil edildi. Müzakirələrdə Elm və Təhsil Na­zirliyinin İctimaiyyətlə əlaqələr və kommu­nikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, ETN-in Məktəbəqədər və ümumtəhsil si­yasəti şöbəsinin müdiri Vəfa Yaqublu, Azərbaycan Respublikasının Təhsil İnsti­tutunun İnsan Resursları Mərkəzinin şöbə müdiri Muxtar Hacıyev, “Məktəbəqədər və ibtidai təhsil” jurnalının baş redaktoru Böyükağa Mikayıllı, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələs­gərli və digərləri iştirak etdilər. 
 
Müzakirəni giriş sözü ilə açan “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov bildirib ki, ümumi təh­sil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması, eyni zamanda ölkə miqyaslı ictimai hadisədir. Buna görə də media təmsilçilərinin, jurnal­istlərin prosesə marağı böyükdür. Marağı şərtləndirən başlıca indikator ümumən təhsilin keyfiyyətinin yüksəldilməsinin prioritet götürülməsidir. Bu isə öz, növbəsində, dövlətimizin mənafelərindən irəli gəlməkdədir: “Təhsil elə bir strate­ji sahədir ki, orada dövlət siyasəti ilə cəmiyyətin tələblərinin uzlaşdırılması vəhdətdə götürülməlidir. Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılmasına maraq bundan qaynaqlanır. Deməli, mövcud sahədə ictimai müzakirələrin təşkilinə ehtiyac var. Bu gün “Xalq qəzeti”ndə mövzuya yer verilməsi də bu ehtiyacın ödənilməsinə töhfə vermək niyyətinin ifadəsidir. Əminəm ki, müzakirələrimiz səmərəli keçəcək və ümumi işə fayda gətirəcək”. 
 
Səbuhi Rzayev, 
ETN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri:
 
– Əflatun müəllim, aktual mövzu olan müəllimlərin sertifikatlaşdırılması ilə bağlı "dəy­irmi masa" təşkil etdiyinizə görə minnət­darlığımızı bildiririk. Müəllimlərin sertifika­tlaşdırılmasını önəmli və çağdaş təhsil islahatı saymaq olar. Bu il ölkəmizdə 3-cü dəfə sertifikatlaşdırma həyata keçiriləcək. Etiraf edim ki, birinci il bütün müəllimlərdə ilk şans olduğu üçün ciddi rezonans doğur­madı. İkinci ildə əvvəlki mərhələdən keçməyənlərə yenidən şans verildi. Keçən il göstəricisi zəif olan 743 müəllimin əmək müqaviləsinə xitam verildi. Bu il 2023-cü ildə uğur qazanmayan, təxminən 8 mindən çox müəllimə yenidən şans ver­iləcək. Başa düşülməlidir ki, bu islahat gələcəyimiz üçün atılan addımdır. Burada heç bir mənfi məqam yoxdur.
 
Hansı valideyn istəyər ki, onun övladı­na biliyi, təcrübəsi zəif olan müəllimlər dərs desin? Sözsüz ki, uğur qazanmayan müəllimlər arasında müəyyən narazılıqlar olur. Buna görə də ictimaiyyətin, zi­yalıların, medianın, təhsil ekspertlərinin dəstəyinə ehtiyacımız var. Bu baxımdan “Xalq qəzeti”ndə təşkil edilən bu "dəyirmi masa"nı əhəmiyyətli hesab edirik. 
 
Qeyd edim ki, Elm və Təhsil Nazirli­yi işinə xitam verdiyi 743 müəllimin yerinə, təxminən 200-ə yaxın kadr götürüb. Digər dərs saatları isə səriştəsi yüksək, lakin dərs saatı az olan müəllimlərə ver­ilib. Nazirlik bu prosesdə sosial cəhət­dən həssas ailələri diqqətdə saxlayır, həmin müəllimlərə yetərincə imkanlar yaradır. Belə ki, işinə xitam verilmiş 743 müəllimin təxminən 150-si sosial həssas qrupdan idi. Onlar məktəblərdə digər işlə təmin ediliblər. Keçən il sertifikatlaşdırmada uğur qazanmayan 8 minədək müəllimin də sosial vəziyyəti təhlil edilib. Məqsəd kimlərisə işdən azad etmək deyil. Yəni pedaqoji fəaliyyətinə xitam verilmiş müəl­limlər başqa işlərə cəlb edilir. 
 
Sertifikatlaşdırmanın növbəti mərhələsində, 5 il tamamlanandan sonra qiymətləndirmə meyarları da dəyişə bilər. Məsələn, müəl­limin dərslərini izləmək, şagirdlərlə işləmə bacarığını yoxlamaq kimi yeniliklər edilə bilər. 
 
Vəfa Yaqublu, 
Elm və Təhsil Nazirliyinin Mək­təbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri:
 
– İlk növbədə, sertifikatlaşdırmanın tarixindən söz açmaq istərdim. Sertifika­tlaşdırmadan danışanda daha çox 2022-ci ildən söz düşür, lakin bu proses 2013-cü ildə qəbul edilmiş “Azərbaycan Res­publikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsaslanır. Strategiyanın bir istiqaməti də təhsilverənlərin keyfiyyət göstəricilərinin artırılmasıdır. Bu da təhsil sisteminin qarşısına ciddi vəzifələr qoyur. Belə ki, 2014-cü ilin əvvəllərindən başlayaraq, təhsil sistemində təhsilverən­lərin keyfiyyət göstəricilərinin ölçülməsi istiqamətində müxtəlif tədbirlər görüldü, mərhələli şəkildə müəllimlərin diaqnostik qiymətləndirilməsi aparıldı. Diaqnostik qiymətləndirmələr göstərdi ki, müəllimlərin bəlli bir hissəsi tədris etdiyi fənni bilmir. İlk atılan addım o oldu ki, kütləvi şəkildə bütün ixtisasartırma təlimlərinin məz­munu dəyişdirildi, aşağı nəticə göstərmiş müəllimlərə öz fənni yenidən öyrədildi. Adətən müəllim ixtisasartırma kursuna qatılanda ona şagirdlərlə işləmə metod­ları, İKT-dən istifadə qaydaları, fəndəki yeniliklər öyrədilir. Reallıq bizi məcbur etdi ki, 2015-ci ildə ixtisasartırma təlim­lərinə ayrılmış büdcəni tamamilə fənnin öyrədilməsinə yönəldək. 120 akademik saatlıq proqramlar hazırlandı və ölkənin bütün regionlarında kurslar təşkil edildi. Amma o mərhələdə heç bir müəllim işdən uzaqlaşdırılmadı. Əksinə, Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il tarixli 994 nömrəli Sərəncamına əsasən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan yaxşı nəticə göstərmiş müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırıldı. 
 
Növbəti addım isə sertifikatlaşdırma oldu. 2018-ci ildə müəllimlərin sertifikatlaşdırıl­ması anlayışı təhsil qanunvericiliyinə əlavə edildi. Sertifikatlaşdırmanın keçir­ilməsi ilə bağlı müvafiq qərarlar qəbul edildi. Deyərdim ki, təhsilverənlərin peşəkarlığının yüksəldilməsi baxımından bu proses zəruri idi. 2022-ci ildə ibtidai sinif müəllimləri Azərbaycanın 4 regionunda sertifikatlaşdırma prosesinə cəlb edildilər. Test imtahanında seçilmiş suallar, verilmiş tapşırıqların mürəkkəblik səviyyəsinin op­timal olması həmişə diqqətdə saxlanılıb. 2022-ci ildə başladığımız prosesi 2026-cı ildə tam şəkildə başa çatdırmalıyıq. Elm və təhsil naziri Emin Əmrullayev də dəfələrlə bildirib ki, biz şagirdlərimizin, gələcəyimizin naminə bu işləri yüksək səviyyədə görməliyik. Fənnini bilməyən şəxsin müəllim kimi işləməsinə göz yum­maq uşaqlarımızın gələcəyini təhlükəyə atmaq deməkdir. Bizim işimiz şagirdin mənafeyini qorumaqdır. Və biz, ilk növbədə, şagirdin mənafeyi baxımından çıxış edirik. 
 
Savad səviyyəsi aşağı olan müəllim­lərin məktəblərdə dərs deməsinin səbəbi­ni 20–30 il bundan əvvəldə axtarmalıyıq. O dövr keçid dövrü idi, ölkədə quruculuq işləri yeni aparılırdı, qismən nəzarətsizlik var idi. Bu, bütün ölkələrdə belədir – keçid dövründə ictimai sahələrdə təlatümlər olur. O zaman məktəbə rüşvət, qohumba­zlıq və ya sadəcə “əl tutmaq” çətiri altında daxil olan təsadüfi şəxslər müəllim imicini korladı. Bu gün isə artıq 10 ildir ki, müəl­lim işə imtahan verərək qəbul edilir. Müəl­limlərin işə qəbulu imtahanından keçmiş müəllimlərimizin sertifikatlaşdırma nəticələri 20–30 il əvvəl işə götürülmüş müəllimlərin nəticələrindən yüksəkdir. 
 
Bir daha qeyd edək ki, savadsız adamların bir hissəsi himayədarlıqla təhsil sahəsinə gəlibsə, digər hissəsi so­sial dəstək göstərilməsinin nəticəsidir. Məsələn, o zamanlar öz yurd-yuvasından məcburi köçkün düşmüş müəllimləri işlə təmin etmək lazım idi. Nəticədə, lazım olandan xeyli çox sayda müəllim işə götürülmüşdü. Məsələn, bizdə məktəblər var ki, cəmi 4 ibtidai sinif komplekti var, lakin orada 12 müəllim çalışır. Halbuki, 4 sinfə 4 müəllim dərs keçməlidir. 4 müəl­lim dərs deyəndə normal maaş ala bilir. Amma misal çəkdiyim halda 4 müəllim­in maaşı 12 yerə bölünür ki, bu da cüzi məbləğ edir və müəllimin rifahı təmin olunmur. Bizdə elə məktəblər var ki, 5 şagirdə 8 müəllim dərs deyir. Burada yüksək nəticə də olmur. Sual yaranır, biz hansı müəllimi saxlayaq? – Əlbəttə, bilikli, səriştəli olanı. Bu da sertifikatlaşdırmanı zəruri edir. İşlərinə xitam verilən müəllimləri müəllimlərin işə qəbulu müsabiqəsində yüksək bal toplayan müəllimlər əvəz edəcək. Yenə də təkrar edirəm, burada qazancımız uşaqların bilikli, bacarıqlı ol­masıdır.
 
Muxtar Hacıyev, 
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin şöbə müdiri:
 
– 2022-ci ildən etibarən təşkil olunan sertifikatlaşdırma prosesinə pedaqoji stajı 3 il olan müəllimlər cəlb olunurlar. Belə ki, hər il prosesə cəlb olunacaq fənlər elan olunur. Bir sıra təhsilverənlər isə hələlik sertifikatlaşdırmadan keçmirlər. Onlara hamilə qadınlar, uşağının 3 yaşınadək so­sial məzuniyyətdə olan və həmin məzuniy-yət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadın­lar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olub 3 ildən az müddətdə pedaqoji fəaliyyətlə məşğul olanlar və azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş müəl­limlər aiddir. 
 
Bundan başqa, “Ümumi təhsil haqqın­da” Azərbaycan Respublikasının Qa­nununda edilmiş dəyişikliyə əsasən, pedaqoji staj üzrə tələb 5 ildən 3 ilə endi­rilmiş, eyni zamanda 60 və daha yuxarı yaşda olan təhsilverənlərin sertifikat­laşdırma prosesində iştirakı könüllüdür. Sertifikatlaşdırmaya cəlb edilməyən bu kontin­gentin maaşlarına artım tətbiq edilmir.
 
Bu il prosesə ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22 və 24 iyun tarixlərində elektron qaydada təşkil olunacaq. İmtahan vaxtı və məkanı barədə məlumat 15 mayda müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Sertifikat­laşdırma prosesində ibtidai sinif, Azərbay­can dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, rus dili və ədəbiyyatı (rus bölməsi), fransız dili ) fənlərini tədris edən, pedaqoji stajı 3 il olan 24 000-dən çox müəllim iştirak edəcək. Prosesi uğur­la tamamlayan təhsilverənlərin sertifikat­larının elektron formada təqdim edilməsi ilə bağlı işlər görülür.
 
Sertifikatlaşdırma 2 mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaq­la keçirilir. Test mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Bu mərhələyə 120 dəqiqə vaxt ayrılır. Test mərhələsində hər bir suala düzgün cavab“1” balla qiymətləndirilir. Səhv cavab­lar və ya sualın cavabsız qoyulması “0” bala bərabər tutulur və düzgün cavab­lara təsir göstərmir. Sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçiril­ir. Təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan dərhal sonra elan edilir. Sertifikatlaşdırmanın test mərhələsində azı 30 bal toplamış təhsilverənlər serti­fikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. 
 
Müsahibə mərhələsi meyar­lar əsasında maksimum 40 balla qi­ymətləndirilir. Bu meyarlara proqram üzrə mövzunu təqdimetmə, təhsilalan­ları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarıqları daxildir. Hər bir meyar 4 ballıq şkala əsasında ölçülür. Sertifikat­laşdırmanın müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.
 
Bunlarla yanaşı, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya test imtahanı mərhələsindən keçməyən şəxslərin 1 il müddətində iş yeri sax­lanılmaqla, prosesdə təkrar sertifikat­laşdırmada iştirak etmək hüququ var. Test mərhələsində uğur qazanmayan müəllimlər test imtahanına, müsahibədən keçməyənlər isə birbaşa müsahibə mərhələsinə dəvət olunurlar. Ötən il pros­esdə uğur qazana bilməyən müəllimlər cari ilin 8 iyununda təkrar sertifikatlaşdır­maya cəlb olunacaqlar. 
 
Naxçıvanda bu il ilk dəfə mərkəzləşdi­rilmiş qaydada sertifikatlaşdırma prose­si təşkil olunacaq və prosesə pedaqoji təcrübələrinin 3 ili bu il tamam olmuş müəl­limlər cəlb ediləcəklər. Qanunvericiliyin tələblərinə müvafiq olaraq, 1 ay öncədən təkrar sertifikatlaşdırmanın imtahan tarixi və məkanı barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib. 
 
Sevindirici haldır ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə vasitəsilə əmək fəaliyyətinə başlayan müəllimlərin hamısı sertifikatlaşdırmada uğur qazanıb. Bu, bir daha müəllimlərin işə qəbulu prosesinin təhsil sistemimiz üçün uğurlu yanaşma olduğunu göstərir.
 
Azərbaycan Respublikasının Təhsil İnstitutu təhsilverənlərin sertifikatlaşdırıl­ması prosesinə müəllimlərin hazırlığı­na dəstək göstərmək və məlumatların əlçatanlığını təmin etmək məqsədilə nümunə suallar, videomateriallar və qi­ymətləndirmə çərçivəsi tərtib edib. Eyni zamanda Təhsil İnstitutunun sertifikat­laşdırma prosesində uğur qazanmayan müəllimlər üçün təşkil etdiyi təlimlər və dəstəkləyici vebinarlarda mövzular fənn və tədris metodikasını əhatə edir.
 
Sertifikatlaşdırma diferensiallaşmış əməkhaqqı sisteminin tətbiqinə uyğun əməkhaqqı artımına və sosial rifahın yüksəlməsinə imkan yaradır. Sertifikat­laşdırmadan keçmiş 31 min 947 təhsil­verənin vəzifə maaşına artım tətbiq olunub. Təkrar sertifikatlaşdırma pros­esində deyildiyi kimi, ümumilikdə, 743 nəfər uğur qazanmayıb və həmin təhsil­verənlərlə bağlanmış əmək müqaviləsinə xitam verilib.
 
Böyükağa Mikayıllı, 
təhsil eksperti, “Məktəbəqədər və ibtidai təhsil” jurnalının baş redaktoru:
 
– Müəllimlərin sertifikatlaşdırıması prosesinin elmi-pedaqoji mətbuatda təhlil olunması, tədqiqatların, bu mövzu ilə bağlı elmi araşdırmaların aparılması vacib məsələlərdən biridir. Strategiya məhz tədqiqatlara əsasən formalaşır. Serti­fikatlaşdırma prosesinin əsl mahiyyəti dərk olunmadan sosial şəbəkələrdə, bəzi saytlarda müzakirəyə çıxarılaraq ictimai fikirdə yanlış təsəvvürün formalaşmasına cəhd göstərilir. “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiyası müəllimlərin sertifikasiyasının elmi-nəzəri, metodoloji əsaslarını araşdırmaq məqsədilə tədqiqat qrupu yaradıb və aparılan araşdırmalar­dan biri jurnalda dərc olunub. Elmi əsaslı istənilən layihənin uğur qazanacağı şübhə doğurmur.
 
Sertifikatlaşdırma dünyada təhsil sistemləri­nin inkişafına, müəllimlərin elmi-pedaqo­ji, nəzəri biliklərinin müasir dövrün tələbləri səviyyəsində formalaşmasına, onların metodiki ustalıqlarının inkişafı­na, eləcə də işçilərin sosial vəziyyətləri­nin yaxşılaşmasına təkan verən pros­es kimi qəbul edilir. Məhz sertifikatlaşdırma nəticəsində təhsil idarəediciləri sistemin problemlərini müəyyənləşdirə və on­dan çıxış yollarını aydınlaşdıra bilirlər. Çox yaxşı haldır ki, Azərbaycanda da bu tendensiya yaranmaqda, milli təhsil sisteminin sertifikatlaşdırma təcrübəsi for­malaşmaqdadır. Bu proses dünyanın ayrı-ayrı ölkələrinin təhsil sistemlərində tətbiq edilir. Müəllimlərin sertifikatlaşdırılmasının keçirilməsinə yanaşmalar fərqli olsa da, prosesin fəlsəfəsi, onun mahiyyəti hər yerdə eynidir. Məqsəd müəllimin peşəkar hazırlığını zamanın ruhuna uyğunlaşdır­maqdır. 
 
Dövr sürətlə dəyişir və bu özü ilə bərabər, böyüyən nəslin düşüncəsində, dünyagörüşündə, həyata baxışların­da fərqli yanaşmalar meydana gətirir. Uşaqların informasiya almaq, ünsiyyət qurmaq imkanları getdikcə genişlənir. Bu, istər-istəməz yeni mədəniyyət, fərq­li baxışlar sistemi yaradır. Müəllimin bu sistemdə özünü rahat hiss etməsi onun mütəmadi olaraq pedaqoji ustalığını tək­milləşdirməsinə bağlıdır. Sertifikatlaşdırma məhz bu prosesin nizamlanmasına dəstək verməklə, müəllimin nəzəri-pedaqo­ji-metodiki hazırlığını dövrün tələbləri səvi­yyəsində qurmasına yol açır. Bu proses pedaqoji ictimaiyyətin düşüncəsinə belə bir fikri diktə edir: peşəkar inkişaf davamlı mütaliyəyə bağlıdır. 
 
Müəllimlərin sertifikatlaşdırılması prosesi təhsil sistemləri üçün həmişə faydalı olub və müasir dövr bu aktuallığı daha da artırmaqdadır. Pedaqoji sahə insan kapitalını formalaşdırdığı, mənəvi, intellektual inkişafa zəmin yaratdığı üçün burada müsbət tendensiyasını izləmək olduqca vacibdir. Sertifikatlaşdırmanın yalnız müəllimlərin bilik və bacarıqlarının, on­ların pedaqoji hazırlıq səviyyələrinin yox­lanılması kimi dərk olunması doğru deyil. Çünki sertifikatlaşdırmanın pedaqoji-fəlsəfi əsasları daha dərin köklərə malikdir. Bu proses pedaqoji kadr hazırlığından başlayır və müəllimlik fəaliyyətinin bütün dövrlərini əhatə edir. 
 
Sertifikatlaşdırma konseptual olaraq, müəl­limin pedaqoji ustalığını artırmasının vacibliyinin dərkinə yol açır, təhsilverən üçün mütaliə vərdişləri sistemə çevrilir. Dövri olaraq keçirilməsi nəzərdə tutu­lan proses müəllimi sistemli özünütək­milləşməyə hazırlayır. Nəticə etibarilə onun pedaqoji ustalığı və bununla bərabər, işinin səmərəsi yüksəlir. Bu, eyni zamanda maraq və həvəs yaradır. Müəl­limin yüksək marağı və təşəbbüskarlığı tədris prosesinin keyfiyyətinə yol açan ən mühüm amildir.
 
Sertifikatlaşdırma nəticələrinin müəllim­lərin əməkhaqqına təsiri də bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Müşahidələr onu deməyə əsas verir ki, Azərbaycanda müəllimlərin peşəkarlıq səviyyəsi artan dinamika üzrə inkişaf edir. Şübhə yoxdur ki, bunun təməlində bir tərəfdən müəllimlərin işə qəbulu prosesi­nin yeni qaydalar üzrə aparılması, digər tərəfdən isə müəllimlərin sertifikatlaşdır­manın yaratdığı pedaqoji-psixoloji atmos­fer dayanır. Təhsil sistemində dərk olunur ki, şagirdlərin uğurlarının əsası savadlı müəllim amilinə söykənir. Bilikli müəllim hər kəsin – valideynin, məktəbin, şagir­din, ümumilikdə, cəmiyyətin arzuladığı şəxsdir. Belə bir müəllimin formalaşması isə peşəkar özünütəkmilləşdirmədən, sistemli mütaliədən, işinin səmərəsini artırmaq üçün aparılan araşdırmalar­dan, tədris metodlarını mütəmadi olaraq yeniləmək imkanlarından, ardıcıl olaraq təcrübə mübadilələrində iştirak etmək­dən keçir. Sertifikatlaşdırma sisteminin tətbiqi müəllimi bu proseslərə fəal qoşulmağa hazırlayır.
 
Müşfiq Ələsgərli, 
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü:
 
– Hesab edirəm ki, hazırkı dövrdə sertifikatlaşdırma imtahanlarının keçir­ilməsinə ehtiyac var. Nəzərə alsaq ki, illər öncə təhsilimizdə baş verən səbəblər nəticəsində bəzi məktəblərim­izdə müəyyən xoşagəlməz vəziyyətlər yaranıb. Ona görə də hazırda Elm və Təhsil Nazirliyi bu məsələdən çıxış yol­unu sertifikatlaşdırmada görür və bu pros­es davam edir. Müəllimlərin sertifika­tlaşdırmaya cəlb edilməsi onların bilik və bacarıqlarının artırmasını zəruri edir. Hazır­da gözləntilərimizin ikinci tərəfi müəllim­lərimizin öz üzərlərində işləməsi, özləri­ni inkişaf etdirmələridir. Çox təəssüflər olsun ki, hətta nazirlik yeni dərslikləri çap edəndə belə, bəzi müəllimlər həmin və­saitləri oxumurdu. Dərs prosesində ümu­mi, köhnə bilikləri əsasında iştirak edir­dilər. Sertifikatlaşdırma müəllimlərimizin bilik və bacarıqlarını artıracaq. Onların tədris etdiyi dərsdə də keyfiyyət artımı görəcə­yik. Müəllimlər öz üzərlərində işləyirlər. Bütün müəllimlər hazırlaşırlar, kitab oxuyurlar. Bu yerdə mənim nazirliyin nü­mayəndələrinə sualım var: 
 
– Məktəbəqədər təhsil müəssisələrində çalışan müəllim-tərbiyəçilərin də sertifikatlaşdırmaya cəlb edilməsi gözlənilirmi?
 
Səbuhi Rzayev:
 
– Növbəti illərdə məktəbəqədər təh­sil müəssisələrində çalışan müəllim-tər­biyəçilər də sertifikatlaşdırmaya cəlb ediləcəklər. Bununla bağlı müvafiq qərar­lar da qəbul edilib. Bu il bağçalarda ilkin diaqnostik qiymətləndirmə olacaq. Bu göstəricisi zəif olan müəllimlərin işdən çıxarılmasına əsas verməyəcək. 
 
Rizvan Fikrətoğlu,
“Xalq qəzeti”nin əməkdaşı:
 
– Məktəbəqədər təhsil müəssisələri əvvəllər yerli icra hakimiyyətlərinin ta­beliyində olanda buraya müəllim-tərbi­yəçi kimi qəbul edilən şəxslərin bir qis­minin ya müvafiq təhsili yox idi, ya da başqa bir ixtisası var idi. Belə müəllim­lər sertifikatlaşdırmaya cəlb ediləcəklərmi? Ümumiyyətlə, elə müəllimlərin tədris­də qalması düzgündürmü?
 
Muxtar Hacıyev:
 
– Qeyd edildiyi kimi, ilk növbədə, di­aqnostik qiymətləndirmə olacaq, daha sonra sertifikatlaşdırma keçiriləcək. Diaqnos­tik qiymətləndirmə məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərin hansı səviyyədə olmasını göstərəcək. İxtisası başqa olan müəllimləri də sert­ifikatlaşdırmaya buraxıb onlara şans yara­dacağıq. Onlar o müəllimlər olacaq ki, uzun müddətdir çalışırlar. Bizim şərtləri ödəyəcəklərsə, uğur qazanacaqlarsa, işləyəcəklər. Həm də müəllim qəbulunda o dövrün tələbləri də başqa idi. Bir daha nəzərə alaq ki, sertifikatlaşmanın məqsədi müəllimləri tədrisdən kənarlaşdırmaq deyil, daha savadlı kadrları işə cəlb et­məkdir. 
 
Rizvan Fikrətoğlu:
 
– "Dəyirmi masa"da müəllimlərin sertifikatlaşdırma prosesindən danışıldı, təhlillər aparıldı. Amma nəticələrə, keyfiyyət göstəricilərinə toxunul­madı. Maraqlıdır, sertifikatlaşmada uğur qazanmış müəllimlərin şagirdlərinin nəticələri hansı səviyyədədir? Sinif­dən-sinfə keçid və tələbə qəbulu im­tahanlarının nəticələrini nəzərdə tu­turuq.
 
Vəfa Yaqublu:
 
– Şagirdlərin 4-cü sinif nəticələrinə görə ölkə üzrə rayonların, məktəblərin reytinqini çıxarırıq. Cari ildə 6-cı sinif şagirdlərinin nailiyyətlərini ölçmək üçün monitorinqlər aparılıb. Eyni zamanda buraxılış siniflərinin nəticələrini Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahan­lardan sonra görə bilirik. Təəssüf ki, biz burada yalnız Azərbaycan dili, riyaziyyat və xarici dil olmaqla 3 fənnin nəticəsini görə bilirik. Söhbət konkret olaraq, sertifi­katlaşdırmadan keçmiş müəllimlərin şagirdləri­nin nəticələrindən gedirsə, biz onu tam təhlil edə bilmirik. Çünki sertifikatlaşma cəmi 2 ildir keçirilir. 
 
Rizvan Fikrətoğlu:
 
– Növbəti sual müəllimlərin maaş məsələsi ilə bağlıdır. Mövcud qaydalara görə, 30-50 arası bal toplayan müəllimlərin maaşı 10, 51-60 bal üzrə toplayan isə 35 faiz artırılır. 30-50 aralığında 20 bal fərqi var. 30 su­ala cavab vermiş müəllimlə, sualların 83,3 faizini düz cavab yazmış müəllim arasında maaş hesablanarkən niyə fərq qoyulmur? Məsələn, 31-35 bal toplayan müəllimlərin maaşı 10 faiz, 36-40 bal to­playanların 15 faiz, 41-48 bal toplayan­ların 25 faiz, 49-54 bal toplayanların 30 faiz, 55-60 bal toplayanların maaşı isə 35 faiz artırıla bilməzmi?
 
Muxtar Hacıyev:
 
– Biz hansısa yarışma keçirmirik, müəllimin səriştəsini, biliyini qiymətləndi­ririk. Müəllimlərin maaşının artırılması isə stimullaşdırıcı tədbir sayılır. Yəni 30 balı keçirsə, maaşına 10 faiz əlavə gəlir. Başqa bir təbəqə var ki, yüksək nəticə göstərir. Biz bu yüksək nəticəni 51-60 bal aralığında müəyyən edirik ki, həmin müəllimlərin də maaşına 35 faiz əlavə pul hesablanır. Bu məsələ isə müvafiq qa­nunlarla, qərarlarla təsdiqlənib, öz əksini tapıb. 
 
Səbuhi Rzayev:
 
– Bilirik ki, Dövlət İmtahan Mərkəzi­nin keçirdiyi ali məktəblərə qəbul imtah­anında müəyyən say var ki, o şəxslərə Prezident təqaüdü verilir. 51-60 bal arası nəticə göstərən müəllimlərin maaşına əlavə edilən 35 faiz artım da belə qi­ymətləndirmədir. Yarışma dili ilə desək, buna top 5-lik, top 10-luq deyilir. 
 
Rizvan Fikrətoğlu:
 
– Məktəb direktorları və onların müavinlərinin sertifikatlaşması ilə bağlı hansı yeniliklər var?
 
Muxtar Hacıyev:
 
– Son əlavədə göstərilir ki, sertifikatlaşmaya rəhbər heyət yox, pedaqoji heyət cəlb olunacaq. Əgər rəhbər heyət həm də dərs keçirsə, o fəndən sertifikatlaşmaya cəlb ediləcək.


29.05.2024 | 12:39