27 mart 2024-cü il tarixindən Təhsil İnstitutu Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində metodik işin təşkili məqsədilə metodist seçimi fəaliyyətinin müsahibə mərhələsinə başlanılıb.
 
Bu barədə "Azərbaycan müəllimi"nə institutdan məlumat verilib. Qeyd olunub ki, bu məqsədlə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili dövlət dili, ingilis dili, fransız dili, alman dili, rus dili (xarici dil), rus dili və ədəbiyyat (tədris dili), riyaziyyat fənn müəllimləri “Müasir metodist” müsabiqəsində metodist seçiminin müsahibə mərhələsində iştirak etməyə dəvət olunub. Ümumilikdə 850 müəllimin müsahibədə iştirak etməsi nəzərdə tutulur. Müsahibə prosesində müəllimlər səkkiz meyara əsasən dəyərləndirilir.
 
Qeyd edək ki, özünü təqdimetmə, dərsin planlaşdırılması, metodiki və pedaqoji savadlılıq, liderlik, problem həlletmə, əməkdaşlıq, ünsiyyət bacarığına malik və peşəkar inkişaf edən müəllimlər müsahibə mərhələsindən keçərək növbəti mərhələdə iştirak edə biləcəklər.