“Sevindirici haldır ki, Azərbaycanda basketbola maraq günü-gündən artır”.
 
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev ölkə çempionatının finalında "Sabah"la "Xəzri" komandaları arasında keçirilən oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
 
O, hər il çempionluq yarışında gərgin mübarizənin getdiyini vurğulayıb:
 
"Çox maraqlı və rəqabətli matç izlədik. Bu gün Azərbaycan Basketbol Liqasının qalibi olan "Sabah" komandasını təbrik edirik. İnanırıq ki, onlar Avropada da ölkəmizi layiqincə təmsil edəcəklər".
 
Federasiya prezidenti "Paris 2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycanın qadınlardan ibarət 3:3 basketbol yığmasından da bəhs edib: "Olimpiadaya vəsiqə əldə etmək özü böyük bir uğurdur. Belə nailiyyətlərin davamlı olacağını düşünürəm. Bu, millimiz üçün böyük təcrübə olacaq. Mötəbər turnirdə mübarizə aparacaq rəqiblərdən xəbərdarsınız. Hər biri güclü və iddialıdır. Mən də hər kəs kimi öz kollektivimizə azarkeşlik edəcəyəm".
 
Qeyd edək ki, "Sabah" seriyada "Xəzri"yə 3:1 hesabı ilə qalib gələrək Azərbaycan çempionu olub.