Bakı Mühəndislik Universiteti (BMU) ilə “Kapital Bank” arasında Anlaşma Memorandumunun imzalanması və universitetdə “Kapital Bank otağı”nın açılış mərasimi keçirilib.
 
BMU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, memorandumu universitetin rektoru Yaqub Piriyev və “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov imzalayıb. 
 
Sənəd birlikdə layihələr həyata keçirmək, həmçinin tərəflərin qarşılıqlı maraq kəsb edən sahələrdə faydalı və ikitərəfli əməkdaşlığının qurulması məqsədi daşıyır. Memorandum çərçivəsində məlumat və təcrübə mübadiləsi, birgə layihələrin icra edilməsi nəzərdə tutulur.
 
İmzalanan sənədin önəmindən danışan BMU-nun rektoru Y.Piriyev ölkədə ən böyük işəgötürən maliyyə qurumlarından biri olan “Kapital Bank”la qurulan yeni əlaqələrin əmək bazarı üçün peşəkar kadr hazırlığı işinə mühüm töhfələr verəcəyinə inandığını deyib. BMU-da bu gün istifadəyə veriləcək “Kapital Bank otağı”nın məhz qeyd edilən məqsədə xidmət etdiyini, bu təşəbbüs və dəstək üçün bank rəhbərliyinə təşəkkürünü bildirən rektor universitetdə tələbələr tərəfindən gerçəkləşdirilən, cəmiyyət üçün faydalı olan innovativ layihələr barədə məlumat verib. Hazırda “Kapital Bank”da çalışanlar arasında BMU məzunlarının olduğunu vurğulayan Y.Piriyev universitetdə iqtisadiyyat, informasiya texnologiyaları, kompüter mühəndisliyi, kompüter elmləri, mühəndislik sahəsində mütəxəssislər yetişdirildiyini, bu yaxınlarda ali təhsil ocağında kibertəhlükəsizlik laboratoriyasının istifadəyə verildiyini söyləyib, planlaşdırılan yenilikləri diqqətə çatdırıb. “Kapital Bank”la əməkdaşlığın hər iki tərəf üçün önəm daşıdığını fikirlərinə əlavə edən rektor konkret hansı sahələr üzrə əlaqələrin inkişafı ilə bağlı  fikirlərini bildirib.
 
“Kapital Bank” və BMU arasında arasında daha sıx və uğurlu əlaqələrin başlanğıcının qoyulduğunu deyən bankın İdarə Heyətinin sədri Fərid Hüseynov hər iki tərəfin strateji inkişaf planlarına əsaslanan bu əməkdaşlığın yeni imkanlar yaradacağına inandığını vurğulayıb: “Bu gün imzaladığımız memorandum, açılacaq yeni otaq “Kapital Bank” və Bakı Mühəndislik Universiteti arasında daha sıx və uğurlu əməkdaşlığın başlanğıcıdır. İnanırıq ki, hər iki tərəfin strateji inkişaf planına uyğun olan bu əməkdaşlıq həm universitet, həm də bank üçün yeni imkanlar yaradacaq, uzunmüddətli, faydalı münasibətlərin inkişafına töhfə verəcək”.
 
Sonra "ağıllı lövhə", müvafiq sayda noutbuk və digər zəruri ofis avadanlıqları ilə tam təchiz edilmiş 80 nəfərlik müasir “Kapital Bank otağı”nın açılışı olub.