Bu ildən etibarən Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda (AKİ) tələbələrin istehsalat təcrübəsinin təşkilində bir sıra yeniliklər tətbiq edilir. Belə ki, institutun müvafiq laboratoriyalarında istehsalat təcrübəsi keçən Bakı Dövlət Universitetinin (BDU) kimya fakültəsinin IV kurs tələbələri akademik elmi-tədqiqatlara cəlb olunublar. 
 
Bu barədə “Azərbaycan müəllimi”nə Aşqarlar Kimyası İnstitutundan məlumat verilib. Bildirilib ki, məqsəd istedadlı tələbələrin elmə istiqamətlənməsini indidən təşviq etməkdir. Ayrı-ayrı laboratoriyalarda institutun aparıcı alimlərinin elmi rəhbərliyi ilə tələbələr konkret mövzular üzrə fundamental və praktikyönlü tədqiqatlar aparırlar və hazırda əldə edilən mühüm nəticələr patentləşdirilir, müştərək məqalələr hazırlanır. 
 
Artıq təcrübəçi tələbələr təcrübə keçdikləri laboratoriyalarda apardıqları tədqiqatın mövzusunda təqdimat hazırlayaraq konfranslara da qatılırlar. Belə tələbələrdən biri BDU-nun kimya fakültəsinin IV kürs tələbəsi Fərid İsmayıl 22-23 may 2024-cü il tarixində Bakı Dövlət Universitetində keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların “Kimya və Kimya texnologiyası” III Respublika elmi konfransına qatılıb və bölmə iclasında “p-fenolsulfoizopropilksantogenat oksidləşməyə  qarşi  aşqar  kimi” mövzusunda geniş təqdimatla çıxış edib.