Haqqında söz açdığımız Sevil Səfərli İlyas Əfəndiyev adına Elitar gimnaziyanın VII sinif şagirdidir. 13 yaşlı bu yeniyetməmizi digər yaşıdlarından fərqləndirən cəhətlərdən biri onun ən müxtəlif sahələrdə uğurlu nəticələr əldə etməsidir. Uşaqlıqdan rəsmə böyük maraq göstərən Sevil dərin düşüncəsi və məntiqi təfəkkürü ilə də fərqlənib. Rus dilində cizgi filmlərinə baxmaqla həmin dildə sərbəst danışmağı öyrənib. Bütün keçirilən tədbirlərdə fəallığı ilə seçilir.
Təhsil aldığı gimnaziyada dərs əlaçısı olan Sevil istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə keçirilən bir sıra müsabiqələrdə, bilik yarışmalarında iştirak edərək qalib olub. Yaşının az olmasına baxmayaraq, onun qazandığı nailiyyətlərə baxanda təəccüblənməmək qeyri-mümkündür. Belə ki, o, 2019-cu ildə “Bulgaria mathematics olympiad” beynəlxalq riyaziyyat olimpiadasında II yerin qalibi olaraq gümüş medala, 2023-cü ildə ITAC beynəlxalq ingilis dili olimpiadasında sertifikata, həmin ildə AMO Beynəlxalq Riyaziyyat Olimpiadasında (American Mathematics Olympiad) diploma layiq görülüb.
2024-cü il də Sevil üçün uğurlu illərdən biri hesab edilə bilər. Belə ki, istedadlı yeniyetməmiz informatika və alqoritmik düşüncə yarışması olan “Bebras” müsabiqəsinin VII siniflər üzrə II yerin qalibi, şagirdlərin riyaziyyat, ingilis, məntiq, kimya, fizika, biologiya və incəsənət kimi müxtəlif sahələrdə bilik və bacarıqlarını sınayıb inkişaf etdirmələri üçün nəzərdə tutulmuş beynəlxalq yarışma olan “Future Intelligence Students Olympiad”da (FISO) məntiq üzrə bürünc medal, ingilis dili üzrə isə sertifikat alıb.
Boş vaxtlarında mütaliə etməyi xoşlayan Sevil daim öz üzərində çalışır. O, rus, ingilis və koreya dillərini mükəmməl şəkildə öyrənir.
Əldə etdiyi uğurlarda, ilk növbədə, valideynlərinin rolunun danılmaz olduğunu söyləyən yeniyetməmiz onun üzərində əməyi keçən müəllimlərindən Aynur Quliyevaya, Pərvanə Babayevaya, Şəfiqə Daşdəmirovaya, həmçinin qazandığı nailiyyətlərlə bağlı sevincini ilk bölüşdüyü gimnaziyanın direktoru Səadət Cahandarovaya təşəkkürünü bildirir.
Sevilin arzuları bitib- tükənməzdir. Fərqli sahələrdə özünü sınamaqdan çəkinməyən yeniyetməmizi hələ qarşıda neçə-neçə uğurlar gözləyir. Deyir ki, ən böyük arzusu gimnaziyanı qızıl medalla bitirərək həkimlik peşəsinə yiyələnməkdir. Sayılıb-seçilən həkim olmaqla yanaşı, xeyriyyəçi kimi də tanınmaq istəyir.
Samirə KƏRİMOVA