VII qrant müsabiqəsi çərçivəsində qalib olan "First Goygol Robotics" layihəsinin təlimləri yekunlaşıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, təlimlərə Göygöl rayon Üçtəpə, Qırıxlı kənd tam orta məktəbin, Bəhrəmbəy kənd ümumi orta məktəbin, Göygöl şəhər 3,4,5 nömrəli tam orta məktəblərindən seçilmiş VII-IX sinif şagirdlərindən 40 nəfər müdavim cəlb edilib.
 
Layihə çərçivəsində 40 saatlıq təlim (həftənin şənbə və bazar günləri, hər təlim 2 saat olmaqla) və 6 praktiki məşğələ keçirilib. Təlimlər müddətində şagirdlər Dron blok proqramlaşdırma texnologiyaları, 3D dizayn, CNC lazer kəsim, Microbit və arduino ilə kodlaşdırma, “Lego Spike Prime Education” dəsti vasitəsilə robotların hazırlanması texnologiyalarına aid bilik və bacarıqlara yiyələniblər.
 
Nəticələrə əsasən, Beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak edən “Galactic Power” komandasının üzvləri “Mexatronika” kateqoriyası üzrə respublika birincisi olaraq qızıl medal qazanıb. Bundan əlavə, “İnnovativ sərgi” kateqoriyası üzrə isə “Young Engineers” komandasının üzvləri də qalib seçiliblər. Həmçinin 2-3 mart tarixlərində “First Lego League Challange 2024″ Azərbaycan turnirində layihə müdavimləri Leyla Abdullayeva, Səmayə Şahverdiyeva, Mehdi Abdullayev respublika üçüncülüyünə layiq görülüb.
 
Xatırladaq ki, layihənin davamlılığı üçün təlimlər bitdikdən sonra yarış qalibləri olan şagirdlər mentor kimi fəaliyyət göstərib, keçiriləcək müsabiqələrə müdavim hazırlayacaqlar. Hal-hazırda onların Dünya Robot Olimpiadasında iştirak üçün məşqləri davam edir.