Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində PISA 2025-Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsi keçirilir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, sınaq mərhələdə seçmə üsulla müəyyənləşdirilmiş 35 ümumi təhsil müəssisəsinin hər birindən 64 şagirdin iştirakı nəzərdə tutulur.
 
Qeyd edək ki, PISA 2025-in sınaq mərhələsi Təhsil İnstitutu tərəfindən təşkil olunur. PISA ümumi təhsil müəssisələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik, bacarıqlarını qiymətləndirmək, eyni zamanda onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 3 ildən bir keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatıdır.