2006-cı ildə Böyük 8-lik ölkələri tərəfindən Sankt- Peterburq sammitində qəbul olunmuş “21-ci əsrdə İnnovativ Cəmiyyətlər üçün Təhsil” adlı müraciətdə qeyd edilir ki, təhsil insan inkişafının kökündə duran başlıca amildir. 21-ci əsrdə iqtisadi və sosial tərəqqi dövlətlərin öz cəmiyyətlərinin bütün üzvlərini sürətlə dəyişən dünyaya hazırlaşdıracaq təhsil ilə təmin edə bilməsindən asılıdır. İnnovasiya cəmiyyəti insanları dəyişikliklərə uyğunlaşmağa hazırlamalıdır.
Bu fikirdən yola çıxaraq deyə bilərik ki, 21-ci əsrdə malik ola biləcəyimiz və heç zaman tükənməyəcək sərmayə olan insan kapitalının inkişafının əsas təkanverici qüvvəsi təhsil hesab olunur.
PISA-2022 nəticələrinin ictimaiyyətə təqdim edilməsindən dərhal sonra bütün ölkələri və onların təhsil sistemlərini düşündürən bir sual meydana çıxdı. İlk sıralarda yer alan ölkələrin təhsildə göstərdikləri uğur və liderlik nəyin hesabına formalaşıb? Gəlin, müxtəlif istiqamətlər üzrə qiymətləndirmələrdə ilk beşlikdə yer alan üç ölkədən biri olan Sinqapur təhsilinin inkişafına qısaca da olsa nəzər yetirərək bu suala cavab tapmağa çalışaq.
Tarixin səhnəsinə 20-ci əsrin ikinci yarısında çıxan Sinqapur öz təhsil sistemi ilə dünya ölkələri arasında sözün əsl mənasında tarix yazmağı bacarmış ölkələrdən biri olaraq tanınır. Sinqapur cəmiyyəti özünün təhsil siyasətində həyata keçirmiş olduğu islahatlarla sürətlə irəliləyib və inkişaf baxımından dünya reytinqlərində ilk sıralarda yer almağı bacarıb.
Beynəlxalq qiymətləndirmələrin, o cümlədən də PISA 2022-nin hesabatı göstərir ki, sinqapurlu şagirdlər riyaziyyat, oxu və təbiət elmləri üzrə dünya ölkələri arasında ən yüksək nəticəyə malikdirlər. Bu ölkənin təhsil sistemi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən son illər dünyanın ən yaxşı təhsil sistemi kimi ön sıralarda yer almağı bacarıb.
Sinqapur təhsil sistemi
Sinqapurlu şagirdlər təhsil prosesinə məktəbəqədər təhsillə başlayırlar və bu ölkədə məktəbəqədər təhsil 100% təşkil edir. Sinqapurda məktəbəqədər təhsil icbari olmasa da, bütün valideynlər övladlarının bu təhsil pilləsini keçməsinə xüsusi önəm verirlər. Növbəti mərhələdə şagirdlər 6 illik ibtidai təhsillə başlayan və 4-5 illik orta təhsil pilləsi ilə davam edən 10-11 illik məktəb dövründən keçirlər. 6 illik ibtidai təhsil prosesinin sonunda imtahan keçirilir. Hansı ki, bu imtahanda uğur qazanan şagirdlər ikinci mərhələ olan orta təhsil pilləsinə başlayırlar. Sinqapurun təhsil sistemi öz şagirdlərinə müxtəlif təlim metodları ilə fərqli öyrənmə üsulları və üstünlükləri qazandırır.
Sinqapurda orta təhsil pilləsindən sonra universitetə qədər olan təhsil prosesini müxtəlif təyinatlı təhsil müəssisələri (Kolleclər / Mərkəzləşdirilmiş institutlar, Politexniklər və s) həyata keçirir. Texniki təhsil mərkəzlərinin əsas vəzifəsi məzunlarına sənayenin tələb etdiyi texniki bilik və bacarıqları qazandırmaqdır. Politexniklər Sinqapurun texnoloji və iqtisadi inkişafını təmin etmək üçün mütəxəssislər hazırlamaq üçün yaradılıb. Kolleclər və mərkəzləşdirilmiş institutlar isə tələbələri ali təhsil üçün lazım olan əsas baza bilik və bacarıqlarla təmin etməklə onları universitet təhsilinə hazırlayır. Bu müəssisələrdə tələbələr humanitar elmlər, xarici dillər, incəsənət, riyaziyyat və digər müxtəlif akademik sahələrdə təhsil almağı seçə bilərlər.
Beynəlxalq təhsil mütəxəssislərinin, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) araşdırmalarına əsasən demək olar ki, Sinqapur təhsil sisteminin bu günkü inkişaf səviyyəsinə gəlib çıxması elə də asan baş verməyib. Belə ki, bu inkişaf prosesi müxtəlif dövrlərdə baş vermiş məqsədyönlü təhsil islahatlarının hesabına həyata keçirilib.
Sinqapur müstəqilliyini əldə etdikdən dərhal sonra inkişafını təhsilin üzərində inşa etməyi özünün prioritet hədəfi kimi müəyyənləşdirib. Dövlətin əsas məqsədi bu prosesin təmin olunmasında insan kapitalından səmərəli istifadə idi. Müstəqillikdən əvvəl yalnız maddi durumu yaxşı olan insanlar təhsil ala bildiyi halda, müstəqillik əldə etdikdən sonra əsas tələb olaraq qarşıya hər bir uşağa təhsil vermək qoyulub. Buna görə də dövrün əsas prioriteti təhsilin əlçatanlığını tez bir zamanda təmin etmək idi. Bunu həyata keçirmək üçün kifayət qədər müəllimlər işə götürüldü və müxtəlif özəl məktəblər Sinqapur təhsil sistemi altında birləşdirildi. Maarifləndirmə kampaniyası o qədər sürətlə aparılırdı ki, artıq 1965-ci ildə Sinqapur əhalisinin tamamilə hamısı ibtidai təhsil səviyyəsi üzrə məzun olduğu halda, 1970-ci ilə qədər orta məktəb məzunlarının sayı 100% oldu. Bu dövrdə atılan addımlar hesabına Sinqapurun təhsilin əlçatanlığını təmin etmək baxımından nə qədər çox çalışdığının şahidi olmaq mümkündür (UNICEF).
Növbəti əsaslı təhsil islahatı 1979-cu ilin yanvarında elan olundu. Hansı ki, bu yeni təhsil islahatının hədəfi məktəbdən yayınma hallarının qarşısını almaq, paralel olaraq keyfiyyəti yüksəltmək və dövrün iqtisadi tələblərinə uyğun insan modeli formalaşdırmaq idi. Bunun üçün Sinqapur vahid məktəb yanaşmasını dəyişərək fərqli alternativlər ortaya qoymağa başladı. Belə ki, ibtidai təhsil dövründən başlayaraq şagirdlərin öz potensiallarına və öyrənmə sürətlərinə uyğun qruplaşdırılması həyata keçirildi. Sinqapur təhsil sisteminin bu təcrübəsi dünya miqyasında səviyyələrə görə qruplaşdırma baxımından ən yaxşı nümunələrdən biri hesab olunur. Zamanla digər ölkələrin təhsil sistemində tətbiq edilən bu dəyişikliyin müsbət nəticələr verdiyi müşahidə olunmağa başladı. Öyrənmə səviyyələrinə görə qruplaşdırmanın tətbiqi zəif nəticə göstərən şagirdlərin nəticələrinin yüksəlməsini, eyni zamanda öyrənmə səviyyəsi yüksək olan şagirdlərin öz imkanlarından maksimum səviyyədə istifadə etmələrini təmin etmək məqsədi daşıyırdı. Hər bir şagirdə eyni biliyin ötürülməməsi mahiyyət etibarı ilə bərabərsizlik kimi görünsə də, ümumilikdə bu metod vasitəsilə onların hədsiz yüklənməsinin qarşısı alınır, həmçinin ruhdan düşmə hallarını aradan qaldırmış olur.
Bu mərhələdə atılan önəmli addımlardan biri də 1988-ci ildən etibarən bəzi məktəblərə muxtariyyətin verilməsi idi. Bu addım həmin məktəblərə müəllimlərin işə qəbulu, tədris proqramı, maliyyə, həmçinin idarəetmə baxımından çeviklik qazandırdı.
Sinqapur Təhsil Sisteminin əsas inkişaf dövrlərindən biri də 1997-ci ildən bu günə qədər davam edən “bacarıqlara əsaslanan təhsil” yanaşmasıdır. Həmçinin həmin dövrdə təfəkkür məktəblərinin yaradılması və ömürboyu öyrənmənin təşviqi təhsil siyasətinin əsasını təşkil edirdi. Bundan başqa, həmin ilin iyun ayında Sinqapur cəmiyyətində “Gələcəyimizi formalaşdıraq: Düşünən Məktəblər, Öyrənən Millət" (Shaping Our Future: Thinking Schools, Learning Nation) şüarı elan olundu. Bu yanaşma ilə təhsil prosesində şagirdlərin maraq və qabiliyyətlərinə uyğun, onlar üçün çevik və daha çox seçim verən yeniliklər gətirildi. “Düşünən Məktəblər, Öyrənən Millət” yanaşmasında daha çox tənqidi və yaradıcı düşünmə bacarıqlarının formalaşdırılması, qiymətləndirmə meyarlarının və formasının dəyişdirilməsi, məktəblərin qiymətləndirilməsində yekun nəticədən daha çox nəticəyə qədər olan prosesə diqqətin yönəldilməsi kimi özəlliklərə yer verilirdi. Eyni zamanda bu yanaşmada məktəblərin muxtariyyətinə xüsusi önəm verilir, müxtəlif qərarların ən aşağı səviyyədə qəbul olunmasını təmin etmək xüsusi əhəmiyyət kəsb edirdi. Beləliklə, qeyri-akademik fəaliyyətlərin həyata keçirilməsində, o cümlədən həmin fəaliyyətlərdə şagirdlərin aktiv iştirakını təmin etməyə xüsusi diqqət ayrılırdı (OECD).
Yuxarıda qeyd olunan təhsil islahatlarının ardıcıl və qərarlı şəkildə həyata keçirilməsi Sinqapur təhsil sisteminin bugünkü səviyyəyə gəlib çatmasında müstəsna rol oynayıb.
Müasir Sinqapurun təhsil sistemi istər ölkə səviyyəsində, istərsə də dünya miqyasında baş verən dəyişikliklərə cavab vermək gücündədir. Sinqapur cəmiyyəti inanır ki, istənilən məqsədə nail olmaq üçün həyata keçirilməsi planlaşdırılan bütün islahatlar diqqətlə təhlil edilməli, həmin islahatların həyata keçirilməsi prosesi mütəmadi olaraq izlənilməli və nəticələr qiymətləndirilməlidir. Sinqapurda təhsil sisteminin ən önəmli özəlliklərindən biri də təhsilin arzuolunan nəticələrinin aydın şəkildə müəyyən edilməsi və ifadə olunmasıdır.
Beləliklə, söyləmək olar ki, Sinqapur 1965-ci ildə müstəqilliyini elan edərkən real iqtisadiyyatı və müdafiə sistemi olmayan, özünün enerji və digər ehtiyaclarının böyük hissəsini xarici ölkələrdən alan bir ölkə olsa da, bir çox sahədə, o cümlədən təhsil sahəsində apardığı uğurlu islahatlar hesabına qısa zamanda inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməyi bacarıb.
Ruslan BAYRAMOV,
"Edublog" təlim proqramının iştirakçısı