LDU-da Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib
Lənkəran Dövlət Universitetində (LDU) 9 noyabr-Dövlət Bayrağı Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Əvvəlcə iştirakçılar Azərbaycanın Dövlət himnini oxuyub.
Sonra LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bayram təbrikini çatdırıb. O, universitet kollektivini - professor-müəllim-tələbə heyətini bayram münasibəti ilə təbrik edib, milli bayrağımızı xalqın sərvəti, mənliyi, şərəfi, qurur mənbəyi adlandırıb, onu dəyərləndirməyi , göz bəbəyi kimi qorumağı gənclərə tövsiyə edib.
Humanitar fakültənin dekanı, tarix üzrə fəlsəfə doktoru Kamal Mahmudov milli atributlarımızdan biri olan bayrağın yaranma tarixi, xalqın mənəviyyatında oynadığı rol, mahiyyəti barədə ətraflı bəhs edib. Bildirib ki, ölkə başçısı İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilk rəmzlərindən birinə çevrilib. Bayrağımız xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.
Mərasim universitet tələbələrinin ifasında vətənpərvərlik mövzusunda nikbin ruhlu ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.
Qeyd edək ki, sabah Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə rayonda möhtəşəm bayraq yürüşü keçiriləcək.