Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycanın Avtomobil Dilerləri Assosiasiyasının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 22 may 2024-cü il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Ekonəqliyyata keçid” sərgisi  keçiriləcək.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, TƏMƏL platforması çərçivəsində iqtisadiyyatın dayanıqlı inkişaf modelinə keçidi və təhsilin roluna həsr olunmuş maarifləndirmə həftəsi üzrə keçirilən sərgidə elektrik və hibrid avtomobilləri, elektrik velosiped və skuterləri istehsal edən, satışı ilə məşğul olan şirkətlərin nümayəndələri, elektro nəqliyyat üzrə ekspertlər iştirak edəcəklər. 
 
24 may tarixində isə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Kənd təsərrüfatında yaşıl innovasiyalar” mövzusunda infotur təşkil olunacaq. 
 
Həftənin yekunu olaraq 27 may tarixində milli sosial-iqtisadi prioritet kimi təmiz ətraf mühit və “yaşıl artım” üzrə təhsil-təlim komponentlərini müzakirə etmək, bu istiqamətdə yeni sistemli yanaşmaları formalaşdırmaq məqsədilə “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfrans keçiriləcək.