Mayın 15-də Dövlət Miqrasiya Xidmətinin (DMX) təşəbbüsü ilə Elm və Təhsil Nazirliyi (ETN) və ETN yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşları ilə ali təhsil müəssisələrinin (ATM) səlahiyyətli nümayəndələri arasında görüş keçirilib. Görüşün təşkilində məqsəd Azərbaycanda təhsil alan əcnəbi tələbələrə dair miqrasiya məsələlərinin tənzimlənməsi istiqamətində işin təkmilləşdirilməsi olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə DMX Miqrasiya Proseslərini Tənzimləmə Baş İdarəsinin rəisi İsmayıl Abdullayev əcnəbi tələbələrin miqrasiya məsələləri ilə bağlı ali təhsil müəssisələrinin nümayəndələri üçün maarifləndirmə tədbirlərinin təşkilinin əhəmiyyətini diqqətə çatdırıb. O, əcnəbi tələbələrlə bağlı sənədləşmə işinin səmərəli təşkili, eləcə də ölkədə qalma və yaşama qaydaları ilə bağlı müvafiq prosedurların vaxtında həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov əcnəbi tələbələrin təhsili ilə bağlı ATM-lər tərəfindən görülən işlər, eyni zamanda, təhsilin təşkili və prosedurlara dair elektronlaşma ilə bağlı həyata keçirilən layihələrin (portal.edu.az sistemi üzərindən mərkəzləşmiş e-müraciət xidməti -“SIA: CAS: Study in Azerbaijan Centralised E-Application Service” ) əhəmiyyətini qeyd edib. Sözügedən sahədə idarəetmənin təkmilləşdirilməsinə nail olunması üçün yerli ali təhsil müəssisələrinə tövsiyələrini çatdırıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.