Mayın 18-19 arasında “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı, Təhsil TV və “Azərbaycan müəllimi” qəzetinin dəstəyi ilə “Edublog” təlim proqramı çərçivəsində təlimlər keçirilib. 
 
Təlim proqramının ilk günündə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin əməkdaşı Gülnarə İlham “Sosial mediada təhsil məzmununun hazırlanması” mövzusunda çıxış edib. İnteraktiv şəkildə həyata keçirilən təlimdə sosial mediada təhsil məzmununun yaradılması üçün hədəf auditoriyasının düzgün müəyyən edilməsi, təhsilə dair məlumatların yazılması, sosial şəbəkələrdə vizual kontentin yaradılması, multimedia alətlərinin düzgün seçilməsi, videoməzmunun hazırlanması istiqamətlərində danışılıb. Daha sonra iştirakçılar qrup şəklində verilən tapşırıqları yerinə yetiriblər.
 
Təlim proqramının növbəti günündə “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı Vaqif Fətullayev proqram iştirakçıları ilə görüşüb, “Yazılı məzmunun hazırlanmasında elmi yanaşma” mövzusunda çıxış edib. Təlim çərçivəsində mənbələrin düzgün araşdırılması yolları, akademik etika və istinad qaydaları, düzgün yazı strukturu və yazının əsas hissələri istiqamətlərində danışılıb və iştirakçılar qrup şəklində verilən tapşırıqları yerinə yetiriblər. 
 
Daha sonra Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev proqram iştirakçıları ilə görüşüb, onların suallarını cavablandırıb və iştirakçılara sertifikatları təqdim edib.
 
Qeyd edək ki, tələbələr arasında təhsilə dair müxtəlif formatda və mövzuda məzmunun hazırlanmasını təşviq etmək məqsədilə təşkil olunan təlim proqramında müxtəlif ali təhsil müəssisələrindən  50 tələbə iştirak edib.