COP29 - “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və UNEC “İqtisadi Klinika” Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan və ekoloji problemlər: COP29-a doğru” mövzusunda beynəlxalq seminar keçirilib. 
 
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə UNEC-in professor-müəllim heyəti ilə yanaşı, bu sahə üzrə ölkəmizdə və xaricdə tədqiqat aparan elm adamları, dövlət və özəl sektorların nümayəndələri, xaricdə fəaliyyət göstərən tədqiqatçılar, ekspertlər iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə açan Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova Azərbaycanın ev sahibliyi ilə keçiriləcək COP29 Tərəflər Konfransının əhəmiyyətindən danışıb, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu və UNEC rektorunun müvafiq əmrilə təsdiq olunmuş “Yaşıl UNEC” ili ilə bağlı Tədbirlər Planına əsasən, silsilə tədbirlərin keçirilməsinə start verildiyini bildirib.
 
Təqdimatla çıxış edən UNEC “İqtisadi Klinika” Tədqiqat Mərkəzinin tədqiqatçısı dosent Uğur Korkut Pata bildirib ki, hazırda ekoloji problemlər və iqlim dəyişikliyi qlobal səviyyədə artan narahatlıq mənbəyinə çevrilib. Buna görə də beynəlxalq ictimaiyyət müxtəlif platformalarda iqlim dəyişikliyi və davamlı inkişafla mübarizədə mühüm addımlar atmaqdadır. Azərbaycan və Türkiyənin iqlim dəyişiklikləri ilə mübarizə aparan aparıcı ölkələr sırasında olduğunu qeyd edən məruzəçi, hər iki ölkənin bu istiqamətdə müqayisəli təhlilini aparıb, Azərbaycanın enerji resursları ilə zəngin ölkə kimi yaşıl investisiyalar və davamlı inkişaf sahəsində mühüm imkanlara malik olduğunu, bərpa olunan enerji mənbələrinə sərmayə qoymaqla karbon qazının ətraf mühitə təsirlərini azalda biləcəklərini qeyd edib.
 
UNEC “İqtisadi Klinika” Tədqiqat Mərkəzinin tədqiqatçısı Mustafa Tevfik Kartal bildirib ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə öz töhfəsini verib. Qeyd edib ki, artıq ölkələr iqlim dəyişikliyinin qaçılmaz təsirlərinə məruz qalmaqdadır və bu təsirlərin aradan qaldırılması üçün ölkələrin maliyyə, digər dəstəklərə ehtiyacı var. Belə bir dəstək olmadan ölkələrin təmiz enerji mənbələrinə keçid edə  və qlobal karbon qazı ifrazını azalda bilməsi mümkünsüzdür.
Daha sonra seminar müzakirələrlə davam edib.