Noyabrın 7-də Çex Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilən ”Enerji səmərəliliyinin təmin olunması” layihəsi çərçivəsində Şamaxı rayonu A.Rəcəbov adına Qaravəlli kənd tam orta məktəb binasının əsaslı təmirdən sonra açılış mərasimi olub.
Açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, Çex Respublikasının təhsil, gənclər və idman nazirinin müavini xanım Dana Prudikova, Çex Respublikasının Azərbaycandakı səfiri Milan Ekert, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və digər rəsmi şəxslər iştirak edib.
Tədbirdə çıxış edən nazir müavini Firudin Qurbanov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlardan, eyni zamanda Azərbaycan Respublikası ilə Çex Respublikası arasında təhsil sahəsində əməkdaşlığın uğurlu inkişafından danışıb. Nazir müavini məktəbdə aparılmış təmir işlərinin enerjiyə qənaət etmək imkanı yaratdığını, bunun həm təhsil müəssisəsinə, həm də ölkə iqtisadiyyatına töhfə verəcəyini vurğulayıb.
Daha sonra çıxış edən Çex Respublikasının təhsil, gənclər və idman nazirinin müavini xanım Dana Prudikova ”Enerji səmərəliliyinin təmin olunması” layihəsinin iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın uğurlu inkişafının bariz nümunəsi olduğunu bildirib.
“Enerji səmərəliliyinin təmin olunması” layihəsi çərçivəsində Şamaxı rayonu A.Rəcəbov adına Qaravəlli kənd tam orta məktəbdə enerjiyə qənaət etmək məqsədi ilə mərkəzi istilik və soyutma sistemi quraşdırılıb, məktəbin döşəmə və damı dəyişdirilib. Müxtəlif ölkələrdə həyata keçirilən “Enerji səmərəliliyinin təmin olunması” layihəsi çərçivəsində ilk dəfə olaraq 12 Çex şirkəti öz avadanlıq və texnologiyalarını tamamilə təmənnasız şəkildə təqdim edib.
Layihə çərçivəsində Qaravəlli kənd məktəbi ilə Çexiyanın “Studnitse u Naxoda” kənd məktəbi qardaşlaşıb.