Xalq Təhsili Muzeyində “Muzey işinin təşkilində müasir yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirilib.
 
Muzeydən "Azərbaycan müəllimi"nə bildirilib ki, tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin elm və yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva, Universitetin Muzeyşünaslıq kafedrasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazova, Bakı Biznes kafedra müdiri, professor Sabir Əmirxanov, A.Şaiq adına ev muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə, muzeyin bələdçisi Nurxanım Əsgərova, Azərbaycan Milli İncəsənət Muzeyinin Sərgi və tərtibat şöbəsinin müdiri, Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas Əsəd Quliyev, Bakı şəhər  67 nömrəli tam orta məktəbin direktoru Əməkdar müəllim İradə Bayramova, 192 nömrəli tam orta məktəbin tarix müəllimi Sahib  Abbasov, 202 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatının rəhbəri Aygün İsmayılova, Nərimanov rayon 5 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbəri Süsən Mustafayeva iştirak ediblər.   
 
Tədbiri giriş sözü ilə Xalq Təhsili Muzeyinin direktor vəzifəsini icra edən Z.Şiriyeva açaraq muzey mühitinin böyüməkdə olan nəslin dünyagörüşünün və estetik zövqünün formalaşmasında müstəsna əhəmiyyətindən, muzeylərə dövlət qayğısından danışıb. Muzeyin Ekspozisiya şöbəsinin müdiri Ruxsarə Məmmədova “Azərbaycanda muzey fəaliyyətinin formaları və imkanları” mövzusunda məruzə edib, videoçarx nümayiş etdirilib. Seminar iştirakçıları mövzu ətrafında fikir mübadiləsi edərək muzeylərin müasir tələblərə müvafiq qurulması, muzey işinin səmərəli təşkili, bu sahədə səriştəli kadrların hazırlanması, muzeylərin idarə olunmasında yeni texnologiyaların tətbiqi və digər məsələlərə münasibət bildiriblər.
 
Tədbirin sonunda Bakı şəhər 202 nömrəli tam orta məktəbin şagidlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.