Mayın 16-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 5-ci Karyera sərgisi keçirilib. Sərgidə 3000-dən çox gənc üçün iş və təcrübə imkanları təqdim olunub.
Bu barədə “Azərbaycan müəllimi”nə AzMİU-dan məlumat verilib.
Bildirilib ki, məşğulluğa dəstək məqsədilə keçirilən sərgidə universitetin əməkdaşlıq etdiyi 80-ə yaxın dövlət qurumu və özəl şirkət ümumilikdə 600-dək vakansiya və təcrübə proqramı təqdim edib.
Açılış mərasimində çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova universitetdə ənənə halına çevrilən sərginin tələbə və məzunlara karyera yolunda böyük dəstək verdiyini vurğulayıb.
AZMİU-da ölkə iqtisadiyyatının sahələri üzrə 53 ixtisasda bakalavriat və magistratura səviyyələrində mütəxəssis hazırlığının həyata keçirildiyini deyən rektor sərgidə, demək olar ki, bütün ixtisaslar üzrə vakansiyaların təklif olunduğunu qeyd edib.
Tədbirə “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə” publik hüquqi şəxsin icraçı direktoru Övsət Həmidov, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov, “Kristal Abşeron” MTK-nın icraçı direktoru Məhayət Nəbiyev, PAŞA İnşaatın layihə direktoru Dinçer Filiz, “PMD” Projects MMC-nin sədri Nəriman Topçubaşov və başqaları çıxış ediblər. Onlar vurğulayıblar ki, karyera sərgiləri ali təhsil və istehsalat müəssisələri ilə əlaqələrin daha da genişləndirməsi, eyni zamanda, məzunların karyera imkanlarını artırması baxımından əhəmiyyətlidir.
Daha sonra sərgi ilə tanışlıq olub. Rektor G.Məmmədova qonaqlarla birgə stendləri gəzib, şirkətlərin nümayəndələri ilə ünsiyyətdə olub, təqdim olunan vakansiya və təcrübə proqramları ilə maraqlanıb.
İştirakçı qurumlar tərəfindən inşaat, memarlıq, dizayn, nəqliyyat, energetika, su təsərrüfatı, neft-qaz mühəndisliyi, kommunikasiya sistemləri, informasiya texnologiyaları, satış və marketinq, kənd təsərrüfatı, bank işi, maliyyə və digər sektorlarda vakansiyalar, həmçinin təcrübə proqramları təklif olunub.
Sərgidə işğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq işləri həyata keçirən dövlət və özəl müəssisələr, Mənzil İnşaat Dövlət Agentliyi (MİDA), SOCAR, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Azəryol Elmi-Tədqiqat Layihə” İnstitutu, Əmlak Məsələləri Dövlət Xidməti, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “PROYAPI” mühəndislik və müşavirlik şirkəti, “PMD” Projects MMC, “Azərgold”, “Azərsu” ASC, “Embawood” MMC, “Holcim”, “Zaferoğlu” İnşaat MMC, Kapital Bank, Yelo Bank, Beynəlxalq Bank, “Metak” şirkəti, “Veysəloğlu” MMC, “Təmiz Şəhər” ASC, “AzVirt” MMC, eləcə də digər şirkətlərin vakansiyaları sərgiyə çıxarılıb.
Şirkət nümayəndələri təmsil olunduqları müəssisələrdəki vakansiyalar, təcrübə proqramları barədə ətraflı informasiya verib və iş axtarışında olan gənclərin suallarını cavablandırıblar.