"British Council” təşkilatının Avropa üzrə regional direktoru Adrian Chadwick, Avropa regionunda imtahanlara nəzarət üzrə direktor Alison Sriparam, Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva və imtahanlar üzrə meneceri Nərgiz Əkbərova Bakı Ali Neft Məktəbində (BANM) olublar.

 

“Azərbaycan müəllimi” xəbər verir ki, Ali Məktəbin kampusunu və ACCA mərkəzini gəzən qonaqlar sonra rektor Elmar Qasımovla görüşüblər. Görüşdə rektor E.Qasımov Ali Məktəb haqqında ətraflı məlumat verib. Bildirib ki, burada tədris tam olaraq ingilis dilində həyata keçirilir. “British Council” və BANM arasındakı əməkdaşlığa toxunan rektor qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsi fəaliyyətə başladığı ilk illərdən bu təşkilatla sıx əməkdaşlıq edir: “British Council” təşkilatının ən yaxın tərəfdaşlarından biriyik. Bakı Ali Neft Məktəbinin fəaliyyətə başlamasından ötən 12 il ərzində bu təşkilatla bir sıra böyük layihələr həyata keçirmişik”. Rektor həm ACCA Mərkəzinin, həm də İELTS Qeydiyyat Mərkəzinin ölkədə ilk dəfə olaraq BANM-də açılmasını Ali Məktəbə münasibətin və onun nüfuzuna olan diqqətin göstəricisi kimi qiymətləndirib.

 

BANM-da yaradılan şəraiti yüksək qiymətləndirən regional direktor Adrian Chadwick qeyd edib ki, bu ali təhsil müəssisəsi ilə təşkilatın əməkdaşlığı çox uğurludur. “British Council” təşkilatının regional rəhbəri, həmçinin təşkilat və BANM arasındakı yüksək səviyyəli əməkdaşlığın daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.