“2024-cü il fevralın 2-də Dövlət Filarmoniyasının Kamera və Orqan zalında Cadenza Contemporary Orkestrinin müşayiəti ilə Gənclər Gününə həsr olunmuş solo konsertim mənim üçün böyük müvəffəqiyyət idi, özümü ən xoşbəxt biri saydım”.
Bu sözləri Bülbül adına orta ixtisas musiqi məktəbinin IX sinif şagirdi Sultan Kərimov deyir. O, violin ifaçısıdır. Beynəlxalq müsabiqələr qalibidir. Uğur qazanmaq üçün öz üzərində daim çalışır.
“Azərbaycan müəllimi” “İstedad” rubrikasında onu öz oxucularına daha geniş tanıdır.
Sultan Kərimov 5 yaşından musiqi ilə məşğul olub. Valideynləri övladlarının musiqi duyumunu sezərək və sonradan həvəsini də müşahidə edərək onu musiqi məktəbinə qoyublar. Hazırda “Violin” ixtisasında professor Lalə Hüseynovanın sinfində təhsil alaraq bu alətin sirlərinə yiyələnir. Piano və gitarada da yaxşı çalmağı bacarır. Üstəlik, gözəl səsi də var. O, ilk musiqi müsabiqəsinə 2018-ci ildə, 8 yaşı olanda qatılıb. Bu, Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş Respublika müsabiqəsi idi və o, burada II yeri qazanmaqla ilk uğuruna imza atıb.
Qran-pri mükafatına isə pandemiya dövründə sahib olub: "Bilirsiniz ki, pandemiya vaxtı ölkələr arasında gediş-gəliş yox idi, buna görə bütün müsabiqələr, tədbirlər onlayn keçirilirdi. Ukraynada keçirilən “Sozvezdiye-Europe-Asia 2021” müsabiqəsinə onlayn qatıldım və uğurlu çıxışıma görə Qran–pri mükafatına layiq görüldüm. Bundan başqa, 2021-ci ildə Rusiyada keçirilən "Grand Music Art" müsabiqəsində II, Parisdə keçirilən "Nouvelles etoiles" beynəlxalq müsabiqəsində III, VIII Stockholm International Music Competition-da III yerlərin sahibi oldum”.
Onun yerli müsabiqələrdə də uğurlu çıxışları olub. Belə ki, 2022-ci ilin 19-23 dekabrında keçirilən Bülbül adına orta ixtisas musiqi məktəbi violin ifaçılarının müsabiqəsində I, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Mərkəzi, Mədəniyyət, Elm və Təhsil nazirliklərinin birgə təşkil etdikləri Uşaq İncəsənət Festivalında II, 2023-cu ilin 7-11 dekabrında paytaxtda keçirilən Bülbül adına orta ixtisas musiqi məktəbinin 95 illiyinə həsr olunmuş "Future Stars" beynəlxalq müsabiqəsində I yeri tutub.
Deyir ki, nailiyyətləri hər zaman ona motivasiya olub, öz üzərində daha yaxşı çalışmağa, davamlı uğur qazanmağa həvəslənib: "Uğura həmişə can atmışam. Bunun üçün hər gün 5-6 saat violin çalmaqdan yorulmamışam. Bununla belə içimdə narahatlıq hər zaman olub: görəsən bacara biləcəyəmmi?! Açığı bu sual məni həmişə yorub. Amma qəribədir ki, səhnəyə çıxanda həyəcanı unuduram. Konsertlərdə ifa edərkən ozumu çox rahat hiss edirəm, bunun səbəbi, görünür, kiçik yaşlarımdan səhnədə olmağımdır. Klassik musiqiçilərin - İ.S.Baxın, N.Paqanininin, P.Sarasatenin, F.Mendelson Bartoldi və başqa bəstəkarların əsərlərini ifa etmişəm. Azərbaycan bəstəkarlarından Q.Qarayevin, A.Məlikovun əsərlərinə dəfələrlə müraciət etmişəm. Ruhuma daha yaxın İ.S.Baxdır və onun əsərlərini sevə-sevə çalmışam".
Sultan deyir, boş vaxtlarını səmərəli keçirir: gimnastika və üzgüçülüklə məşğul olur. Hərdən piano və gitara çalır. Musiqi məktəbində piano dərsləri alan kişik bacısı Məryəm ilə birlikdə ara-sıra duetlər də oxuyur. Amma gələcəyini violinlə bağlayır: "Məktəbi bitirdikdən sonra “Violin” ixtisası üzrə təhsilimi xarici ölkələrin birində davam etdirmək arzusundayam”.
Sifai SƏFƏROVA