Yarış qrant layihəsi çərçivəsində baş tutub


Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"nin fərdi kateqoriya üzrə qalibi olan "Kim sevirsə idmanı poladdan olar canı" sağlam məktəbli spartakiadası adlı layihə çərçivəsində Quba rayonunun Qaraçay kənd tam orta məktəbində oğlanlar arasında basketbolun 3*3 növü üzrə turnir keçirilib.

 

Tədbirdə çıxış edən layihə rəhbəri, Quba rayonu Qırmızı qəsəbə 1 saylı tam orta məktəbinin müəllimi Kamran Əlimərdanov layihə barədə məlumat verərək bildirib ki, məqsəd məktəblilərinin asudə vaxtlarının idman oyunları vasitəsilə səmərəli təşkilinə nail olmaq, şagirdlərin idmana cəlbinə dəstək vermək, eyni zamanda şagirdlər arasında sağlam həyat tərzinin və basketbol idman növünün  təbliğinə təkan verməkdir.

 

Rəsmi hissədən sonra yarışa start verilib.

 

6 komandanın mübarizə apardığı yarışda Zərdabi qəsəbə məktəbinin komandası qalib adını qazanıb. Qaraçay basketbolçuları ikinci, İsnovqışlaq kənd tam orta məktəbinin komandası isə üçüncü mükafata sahib çıxıb.

 

Yekunda qalib və mükafatçılar kubok, diplom və medallarla təltif olunub.

 

Noyabr ayının 27-dək davam edəcək layihəyə Quba rayonunun Püstəqasım kəndində oğlanlar və qızlar arasında keçiriləcək stolüstü tennis üzrə turnirlə yekun vurulacaq.