Mayın 15-də Azərbaycan Dillər Universitetində (ADU) Belarus dili və mədəniyyəti mərkəzinin açılışı olub.  
 
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Minsk Dövlət Linqvistik Universitetinin rektoru professor Natalya Yevqeniyevna Lapteva, millət vəkilləri Tamam Cəfərova, Etibar Əliyev, Naqif Həmzəyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Elm və Ali Təhsil Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Fariz Quliyev, təhsil işçiləri, müəllimlər və tələbələr iştirak ediblər.
 
Açılış nitqi ilə çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla tədbirin əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, ADU-da Belarus dili və mədəniyyəti mərkəzinin açılması hər iki ölkənin ictimai-siyasi həyatında, eləcə də universitetlərin elmi-pedaqoji fəaliyyətində mühüm əhəmiyyət kəsb  edir:
 
“Bu gün tarixi bir gündür. Azərbaycan Dillər Universitetində Belarus dili və mədəniyyəti mərkəzinin fəaliyyətə başlaması yeni elmi, mədəni əlaqələrin qurulması, inkişafı və gələcək uğurların təməli deməkdir. Bu münasibətlə bütün elm ictimaiyyətini, təhsil nümayəndələrini təbrik edirəm. Belarus xalqı hər zaman Azərbaycan xalqının yanında olub. 44 günlük Vətən müharibəsində biz bunun bir daha şahidi olduq. Belarus mədəniyyəti, dili, ədəbiyyatı dünya irsinin ən zəngin sahələrindən biri hesab olunur. İnanıram ki, əlaqələrimizin inkişafında və gələcək uğurlarımızın əldə olunmasında Belarus dili və mədəniyyəti mərkəzinin böyük rolu olacaqdır. Minsk Dövlət Linqvistik Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzi də öz üzərinə düşən missiyanı son dərəcə uğurla həyata keçirir”. 
 
Bakı Yeparxiyasının İctimai təşkilatlarla əlaqələr şöbəsinin rəhbəri Mefodiy Əfəndiyev və Minsk Dövlət Linqvistik Universitetinin rektoru professor Natalya Yevqeniyevna Lapteva Belarus dili və mədəniyyəti mərkəzinin açılması münasibətilə hər kəsi təbrik ediblər.
 
Qeyd olunub ki, ADU-da Belarus dili və mədəniyyəti mərkəzinin açılması  universitetlərin elmi-pedaqoji fəaliyyətinə öz töhfələrini verəcək və iki ölkənin mədəni-humanitar sahədə əməkdaşlığına müsbət təsir göstərəcək.
 
Milli Məclisin deputatı, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri professor Ziyad Səmədzadə tədbirlə bağlı fikirlərini bölüşüb. Bildirib ki, Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli dialoq və əməkdaşlıq əlaqələri mövcuddur:”Son illərdə iki ölkə arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir və nəzərə çarpacaq dərəcədə fəallaşır”. 
 
Belarus Respublikasının Azərbaycandakı səfirliyinin 1-ci katibi İvan Xlebakazov yaradılan şəraitə və səmimi qarşılanmaya görə universitet rəhbərliyinə və kollektivə öz təşəkkürünü bildirib.
 
Tədbir mərkəzin gələcək fəaliyyəti ilə bağlı müzakirələrlə davam edib.