Mayın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Tələbələr üçün IB təlimi” layihəsi çərçivəsində sertifikat təqdimetmə mərasimi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, mərasimdə ADPU-nun rektoru professor Cəfər Cəfərov və Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini çıxış edərək təlimin əhəmiyyətindən, tələbələrin qazandıqları bacarıqlardan söz açıblar.
Tələbələrin təəssüratlarının dinlənilməsindən sonra təlim proqramını uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Pedaqoji Universitet Avropa Azərbaycan Məktəbi ilə birgə 2023-cü ilin 7 dekabr tarixindən “Tələbələr üçün IB təlimi” adlı silsilə təlimlərə başlayıb. Təlimlərdə tələbələrə beynəlxalq bakalavr proqramının (IB) dərindən öyrədilməsi nəzərdə tutulub.
6 ay müddətində davam edən təlimlər Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini tərəfindən aparılıb. Təlimin əsas məqsədi IB kurikulumunun əsas tələb və meyarları əsasında peşəkar müəllim profilini inkişaf etdirməkdir. Təlim proqramının digər məqsədi tədris prosesinin təşkili zamanı IB kurikulumun tətbiqi, istifadə olunan metod və alətlər, öyrətmənin effektivliyini artıran strategiyalar və onlar vasitəsilə keyfiyyətli tədris mühitinin yaradılması yollarını gələcək müəllimlərə ötürməkdir.
Ümumilikdə, ADPU-nun 7 fakültəsindən təlimə qoşulan 61 tələbədən 6 ay müddətində təlimlərdə davamlı iştirak edən 35 nəfər proqramı uğurla tamamlayaraq sertifikata layiq görülüb.