Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri “İnnovativ və kreativ həllərin tapılması” beynəlxalq startap müsabiqəsində 1-ci yerə layiq görülüblər. 
 
ADNSU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, Azərbaycan Texniki Universitetində (AzTU) “Yaşıl dünya həmrəylik ili” çərçivəsində müsabiqənin ilkin mərhələsi keçirilib. AzTU və Pakistan Milli Elm və Texnologiya Universitetinin (NUST) birgə təşkil etdiyi yarışda Azərbaycanın ümumilikdə 10 ali təhsil müəssisəsini təmsil edən 22 komanda iştirak edib. Məqsəd universitet professor və tələbələrini qlobal problemlərin həlli üçün innovativ ideyalar verməyə təşviq etmək idi.
 
ADNSU-nun fəlsəfə doktoru Elviz İsmayılov, Fərid Şıxıyev, Aida Adıgözəlova, Rüfət Əliyev, Murad Səmədov və ABC komandası müsabiqədə ideyalarına görə birinci yerə layiq görülüb. ABC startapı ALS (amyotrofik yanal skleroz) olan insanlar üçün nəzərdə tutulmuş baş hərəkətləri ilə idarə olunan əlil arabası sistemidir. 
 
Qeyd edək ki, layihənin ilkin mərhələsi AzTU-nun 3D texnologiyaları və elektronika üzrə ixtisaslaşmış “Cezeri Laboratoriyası”nda hazırlanıb.