Noyabrın 6-da Avropa İttifaqının maliyyə dəstəyi ilə Yerli İdarəetməyə Yardım İctimai Birliyi tərəfindən icra olunan “Bərdə Peşə Liseyinin modernləşdirilməsi” layihəsinin açılış mərasimi keçirilib.

 

Layihənin əsas məqsədi Avropa təcrübəsinə uyğun olaraq, Bərdə Peşə Liseyinin maddi-texniki bazasının təkmilləşdirilməsi, idarəedilməsinin müasir standartlara uyğun təşkil edilməsi, kadr heyətinin potensialının artırılmasıdır.  

 

Açılışda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlarda təhsil sahəsinin və onun tərkib hissəsi olan peşə təhsilinin mühüm yer tutduğunu bildirib, peşə təhsilinin inkişafı istiqamətində görülən işlər, həyata keçirilən beynəlxalq layihələr barədə geniş məlumat verib. Nazir müavini “Bərdə Peşə Liseyinin modernləşdirilməsi” layihəsinin icrasının sürətləndirilməsinin vacibliyini vurğulayaraq layihənin uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib. 

 

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas çıxış edərək təqdim olunan layihənin Bərdə və ətraf rayonlarda peşə təhsilinin inkişafında mühüm rol oynayacağını vurğulayıb, layihənin icrası istiqamətində uğurlar arzulayıblar.

 

Layihənin təqdimatından sonra Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Təhsil İnstitutunun, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Estoniyanın Peşə Təhsili və Təlimi Mərkəzinin nümayəndələri çıxış edərək peşə təhsil sistemi, yeni kurikulumların tətbiqi, işəgötürənlərlə əlaqələrin qurulması, layihənin icra mexanizmi və regionda peşə təhsilinin inkişafı barədə geniş məlumat veriblər.

 

Daha sonra tədbir iştirakçıları Bərdə Peşə Liseyi ilə tanış olublar.