Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş SABAH tələbələri üçün şahmat və dama yarışları və təltifetmə mərasimi baş tutub.
"Azərbaycan müəllimi" xəbər verir ki, 7-8 may tarixlərində keçirilən yarışlarda, ümumilikdə 101 tələbə olmaqla, şahmat üzrə 53, dama üzrə isə 48 tələbə iştirak edib.
Təltifetmə mərasimində SABAH qrupları layihəsi İcra Komitəsinin rəhbəri Elza Səmədova, yarışlara ev sahibliyi edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) tədrisin təşkili üzrə prorektoru Rəfail Novruzov və ADBTİA-nin elmi katibi, şahmat üzrə beynəlxalq dərəcəli hakim Bəxtiyar Rüstəmov qalib gələn tələbələri təbrik edərək onları diplom və hədiyyə ilə mükafatlandırıblar.
Yekun nəticəyə əsasən, şahmat yarışında 1-ci yerin sahibi ADBTİA tələbəsi Səbinə Rzalı, 2-ci yerin sahibi ADBTİA tələbəsi Səməd Aslanov, 3-cü yerin sahibi isə ADNSU tələbəsi İsa Quliyev olub. Dama yarışı üzrə isə 1-ci yerə ADPU tələbəsi Rüfət Bağırov, 2-ci yerə BDU tələbəsi Əli Mirzəyev, 3-cü yerə isə digər BDU tələbəsi İlahə İsmayılova layiq görülüb.
Qeyd edək ki, beynəlxalq və respublika dərəcəli hakimlər tərəfindən idarə olunan, İsveçrə sistemi üzrə keçirilən yarışlar şahmat üzrə 9 turdan, dama üzrə isə 7 turdan ibarət olub.