"Azərbaycan müəllimi" Report.az-a istinadən "Silahı gözübağlı sökən şagirdlər - Hərbi hazırlıq dərslərindən" adlı reportajı təqdim edir. 
 
Şagirdlərin hərbi xidmətə hazırlığı və onların ilkin hərbi bacarıqlara yiyələnməsi üçün orta məktəblərin tədris planında çağırışaqədərki hazırlıq fənni də yer alır. Bəzi məktəblərdə bu fənni ehtiyatda olan hərbi qulluqçular tədris edirlər. Bu, həm xidmət yaşını başa vurmuş hərbçilərin işlə təmin olunması, həm də şagirdlərə fənnin daha effektiv tədris olunması baxımından müsbət qiymətləndirilir.
 
Sözügedən fənnin tədrisi üçün məktəblərdə lazımi avadanlıqlar və ixtisaslı kadrlar müəyyən qədər təmin olunsa da, çatışmazlıqlar hələ də müşahidə olunmaqdadır.
 
Bu sahədəki boşluqları, eləcə də fənnin tədrisi prosesi barədə ətraflı məlumat almaq üçün Bakının Sabunçu və Suraxanı rayonlarında yerləşən tam orta məktəblərinə üz tutduq. Sabunçu rayonu 67 nömrəli tam orta məktəbin hərbi hazırlıq müəllimi, ehtiyatda olan hərbi qulluqçu polkovnik-leytenant Muraz Sadıqov öncə bizi məktəb binası ilə tanış etdi.
 
 
Dəhlizdə hərbi vətənpərvərlik mövzusunda milli atributlar, suvenirlər nümayiş olunur. M.Sadıqov bildirir ki, bunlar şagirdlərin vətənpərvərlik ruhunu yüksəldir...
 
Zəng çalınır, hərbi hazırlıq dərsini müşahidə etmək üçün sinif otağına daxil oluruq. Şagirdlər dövlət himninin sədaları altında bizi hərbi duruşla qarşılayırlar. Daha sonra dərsin nəzəri hissəsi başlayır. Bildirilir ki, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları nəticəsində Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağ işğaldan azad olunmaqla yanaşı, separatçılardan da təmizlənib. Lakin işğaldan azad olunan ərazilərdə mina və partlamamış döyüş sursatları təhlükəsi hələ də qalmaqdadır. Şagirdlərə bu ərazilərdə bilinməyən əşyalara toxunmağın faciələrə səbəb ola biləcəyi barədə məlumatlar da verilir. Bundan başqa, gənclərin vətənpərvər ruhda yetişməsi, onların ilkin hərbi bacarıqlara yiyələnməsi üçün fənnin vacibliyi diqqətə çatdırılır.
 
 
 
Muraz müəllim deyir ki, bu fənn Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, dövlət əhəmiyyətli fənn hesab olunur:
“Çağırışaqədərki hazırlıq fənninin üç əsas məzmunu var. Birinci məzmun dövlət təhlükəsizliyinin hüquqi və tarixi əsasları, ikinci məzmun həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı, üçüncü məzmun isə tibbi biliklər və ilk tibbi yardımlardır. Biz ehtiyatda olan zabitlər kimi öz döyüş təcrübəmizi məktəblilərlə bölüşməyə hər zaman hazırıq. Təəssüf ki, bu fənnin tədris bazası bütün məktəblərdə tam şəkildə təmin olunmayıb və yetərli səviyyədə deyil. Bəzi məktəblərdə tədris üçün kabinetlər belə yoxdur, təminat məsələsində problem var. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsəm də, onlar arasında qarşılıqlı əlaqə olmadığı üçün çatışmazlıqları təmin edə bilmirik”.
 
 
 
Bununla belə, müəllim deyir ki, bu sahədə kadr məsələsində irəliləyiş var. Belə ki, bütün təhsil idarələrində imtahanlar keçirilir, müsahibə mərhələləri olur. Orta məktəblərdə bu fənni ehtiyatda olan zabitlər tədris edir.
 
 
“Bu fənnin məqsədi gəncləri yalnız hərbi xidmətə hazırlamaq deyil, həm də onları vətənpərvər ruhda yetişdirməkdir. Fənni mənimsəyən şagird artıq hərbi xidmətə yollananda ilkin bacarıqlara yiyələnmiş olur. Mən 21 il orduda xidmət etmişəm. Hər dəfə gənc əsgərlər gələndə görmüşəm ki, içərilərində hazırlıqlı olanlar orta məktəbdə bu fənni yaxşı mənimsəyənlərdir. Burada iki il müddətində şagird sıra hazırlığını, silahla davranmağı öyrənir. Azərbaycan gəncliyinin təhlükəsizliyinin təmin olunmasında, onların idarəçilik bacarıqlarına yiyələnməsində də bu fənnin rolu böyükdür. Mən aidiyyəti qurumlardan xahiş edirəm ki, məktəblərdə bu fənnin tədris bazasının təkmilləşməsinə kömək etsinlər”, - M.Sadıqov vurğulayıb.
 
 
Bir neçə gün əvvəl sosial şəbəkələrdə avtomatı gözübağlı söküb-yığmaqla gündəm olan 10-cu sinif şagirdi Ayan Həsənova da bu məktəbdə oxuyur. O, bizimlə söhbətində deyir ki, hərbi hazırlıq dərslərində sıra hazırlığını, avtomatın sökülüb-yığılmasını, təbii fəlakətlər və fövqəladə vəziyyət zamanı nə etmək lazım olduğunu öyrənirlər. Şagird avtomatın sökülmə normativinin 19 saniyə olduğunu, o isə silahı gözübağlı 10 saniyəyə sökdüyünü və bütün bilik və bacarıqları hərbi hazırlıq dərslərində öyrəndiyini bildirir.
 
Digər şagird Şahoğlan Qarayev isə qeyd edir ki, hərbi hazırlıq fənnində fiziki normativlərlə yanaşı, intellektual və texniki sahələrdə də bilik və bacarıqları mənimsəyirlər: "Hərbi tədris üçün məktəbimizdə lazımi şərait var. Özümü hərbi xidmətə hazır hiss edirəm. Silahı gözübağlı maksimum 10 saniyəyə sökə bilirəm".
 
 
Müşahidəmizə görə, məktəbdə çağırışaqədərki hazırlıq dərsi nəzəri cəhətdən lazımi səviyyədə tədris olunsa da, praktikası barədə bunu deyə bilmirik. Çünki bunun üçün lazımi avadanlıq və şəraitin olmaması tədrisdə də müəyyən çətinliklər yaradır. Həm şagirdlər, həm də müəllimlər aidiyyəti qurumlardan xahiş edirlər ki, fənnin tədrisinə diqqətlə yanaşılsın və məktəb lazım olan avadanlıqla təmin edilsin.
 
Paytaxtın Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşən Nəriman Həmidov adına 208 nömrəli tam orta məktəbdə isə öncəki məktəblə müqayisədə vəziyyət daha ürəkaçandır. Burada avadanlıq və şərait baxımından müəllim və şagirdlərin heç bir problemi yoxdur.
 
 
Məktəbin hərbi hazırlıq müəllimi, ehtiyatda olan kapitan Elməddin Həsənov bizi sırf hərbi hazırlıq fənninin tədrisi üçün nəzərdə tutulmuş iki böyük kabinetlə tanış edir. Bura hərbi qulluqçunun gündəlik fəaliyyətində lazım olan ləvazimatlarla təchiz olunub. Tədris materialları arasında Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin məktəbə verdiyi yerli istehsallı silahlar da var. Bundan başqa, kabinetdə müxtəlif qoşun növləri üzrə hərbi qulluqçuların geyim formaları da nümayiş olunur. Digər otaqda isə şagirdlərin atıcılıq qabiliyyətini inkişaf etdirmək üçün xüsusi ləvazimatlar yerləşdirilib.
 
Elməddin müəllim silahların texniki xüsusiyyətlərini izah edərək bildirir ki, şagirdlər dərsdə yerli və xarici silahların texniki xüsusiyyətlərini, onlarla davranma qaydalarını, ilkin tibbi yardımı, fövqəladə hal zamanı davranışları, eləcə də döyüş texnikalarını mənimsəyirlər.
 
 
"Hərbi hazırlıq fənni 10 və 11-ci siniflər üçün nəzərdə tutulub, həftədə iki saat keçirilir. Məktəbimiz yarışlarda qalib olduğu üçün Müdafiə Sənayesi Nazirliyi bizi tədris üçün lazım olan hərbi avadanlıqlar və silahlarla təmin edib. Burada Azərbaycan istehsalı olan silahlarla yanaşı, işlək minaaxtaran, təlim məqsədli əl qumbaraları, tank və piyada əleyhinə minalar, əsgər yatağı, Silahlı Qüvvələrdə istifadə olunan geyim formaları, qoruyucu jiletlər və əsgər yeməkxanaları üçün nəzərdə tutulmuş qablar var. Əvvəllər kadr məsələsində problem var idi. Hazırda bu fənni tədris edə biləcək kifayət qədər ehtiyatda olan hərbi qulluqçu var. Gənc nəsli vətənpərvər ruhda yetişdirmək üçün bu cür zabitlər lazımdır. Hər bir məktəbdə bu fənni peşəkar zabitlər tədris etsə, daha yaxşı olar”, - müəllim qeyd edir.
 
 
Beləliklə, hərbi hazırlıq fənninin tədrisi prosesi ilə bağlı iki məktəbdə apardığımız müşahidələrə əsasən deyə bilərik ki, bu sahədə çatışmazlıqlar hələ də var. Xüsusən də bu fənni ixtisaslı müəllimlərin tədris etməsinə ehtiyac duyulur.