Hər bir sessiyada ən azı 850 nəfər imtahan verə biləcək. Bu o deməkdir ki, gün ərzində 1700 adam imtahan verə biləcək. İndiyə qədər keçirilən 45 imtahandan 21-i elektron imtahan idi. Kağız daşıyıcısında aparılan imtahanlarda 2023-cü ildə 600 mindən çox insan iştirak etmişdi. Amma elektron imtahanlarda təxminən 20 min nəfər iştirak etmişdi.
 
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM ) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə müsahibəsində söyləyib. O bildirib ki, DİM-in elektron imtahan korpusu çox böyük bir layihədir. Demək olar ki, imtahanların keçirilməsində, biliyin, bacarığın qiymətləndirilməsində, kompetensiyanın ölçülməsində yeni bir addımdır.
 
“Biz bu korpusda yaradılan yeni texnoloji imkanlardan istifadə edib yeni növ kompetensiyaları ölçməliyik. İmtahanları daha yaxşı mühitdə keçirmək, təhlükəsizliyi təmin etmək, imtahan verənlər üçün rahat bir mühit yaratmışıq. Yeni texnologiyalar bizə imkan verəcək ki, təkcə bu binada deyil, ümumiyyətlə ölkədə keçirilən elektron imtahanları izləyə bilək”, - deyən DİM rəhbəri belə bir təcrübənin magistraturaya II cəhd imtahanında tətbiq edildiyini xatırladıb. O deyib: “Bu, biliyin qiymətləndirilməsi sahəsində yeni bir mərhələdir. Mən istəyirəm ki, siz bura tez-tez gələsiniz və burada gedən prosesləri izləyəsiniz”.
 
M.Abbaszadə yeni binanın tikilməsində ölkə rəhbərliyinə minnətdarlığını bildirib.