“Məktəblinin dostu” növbəti “Yay məktəbi”nə başlayır. Bu məqsədlə qeydiyyat prosesinə start verilib. Bu gündən başlayan qeydiyyat iyunun 10-dək davam edəcək.
 
“Məktəblinin dostu” layihəsinin PR meneceri Nərgiz Kərimova “Azərbaycan müəllimi”nə bildirib ki, 2016-cı ildən həyata keçirilən “Yay məktəbi” artıq daha çox məktəbi əhatə edir:
 
“İlk illərdə 30 məktəbdə fəaliyyətə başlayan “Məktəblinin dostu” elə həmin məktəblərdə “yay məktəbi” təşkil etdi. Layihə çox uğurla nəticələndi. Fəaliyyət göstərdiyimiz məktəblərin sayı artdıqca “Yay məktəbi” də daha çox məktəbdə təşkil olunur. Keçən il 66 məktəbdə təşkil olunmuşdu, bu il 78 məktəbdə nəzərdə tutulur. Bu, ərizə sayına görə dəyişir”.
 
O həmçinin qeyd edib ki, yay məktəbinin məqsədi məktəblilərin yay tətili dövründə onlara əyləncəli və öyrədici proqramlar təşkil etməklə asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək olmaqdır:
 
“Yay məktəbinin proqramına əsasən burada şagirdlər üçün təlim, seminar və informativ sessiyalar, eyni zamanda, müxtəlif idman yarışları, əyləncəli saatlar təşkil olunur. Burada “Yol hərəkəti qaydaları”, “Fövqəladə hallarda davranış qaydaları”, “İlk tibbi yardım”, "Sosial şəbəkələrdən faydalı istifadə", “İnternet təhlükəsizliyi, “Düzgün danışıq, nitq bacarıqlarının həyatımızda rolu”, “Təbiəti qoruyaq”, “Heyvanlara qayğı”, “Təlimçi məktəbli” kimi mövzuları əhatə edən maarifləndirici təlimlər  təşkil edilir”. 
 
“Məktəblinin dostu” layihəsinin təşkil etdiyi “Yay məktəbi” iki ay müddətində keçirilir. İyul ayında 5 və 6-cı sinif, avqust ayında 7 və 8-ci sinif şagirdləri cəlb olunur.