Yaxın günlərdə Polşanın Varşava Texniki Universitetinin professorları Artur Zbiciak və Nəbi İbadov Azərbaycanda səfərdə olublar. Onlar səfər çərçivəsində Bakıda bir neçə ali təhsil müəssisəsində maraqlı müzakirələr aparıblar. Həmçinin ziyarət əsnasında polşalı alimlərin Şuşa və Xankəndi şəhərlərinə də səfəri təşkil edilib. Onlar bölgədə növbəti tədris ilindən fəaliyyətə başlayacaq Qarabağ Universitetinə baxış keçirib, burada aparılan işlərlə tanış olublar.
“Azərbaycan müəllimi”nə Qarabağa səfər təəssüratlarını bölüşən Polşanın Varşava Texniki Universitetinin inşaat mühəndisliyi fakültəsinin elmi işlər üzrə dekan müavini, nəzəri mexanika və dəmir yolu mühəndisliyi kafedrasının müdiri Artur Zbiciak bildirib ki, Azərbaycan və Polşanın elm və təhsil müəssisələri arasında tələbə və müəllim heyətinin mübadiləsindən tutmuş birgə tədqiqat layihələri və konfranslara qədər bir çox əməkdaşlıq imkanları var.
“Biz Varşava Texniki Universitetinin mülki inşaat fakültəsinin əməkdaşları kimi tikinti, infrastruktur və tikintidə istehsal proseslərinin idarə edilməsi sahəsində əməkdaşlıqda xüsusilə maraqlıyıq. Azərbaycan və Polşa universitetləri arasında əməkdaşlıq bilik və texnologiya mübadiləsinə əhəmiyyətli töhfələr verə bilər. Bundan əlavə, həm Azərbaycanda, həm də Polşada modernləşdirmə planlarını nəzərə alaraq, təhsilə, yeni materiallara və davamlı inkişaf texnologiyalarına yönəlmiş birgə tədqiqat layihələri faydalı ola bilər” – deyə o qeyd edib.
Mütəxəssisin fikrincə, Qarabağ Universiteti bölgənin dinamik inkişafına töhfə verən elm və təhsil mərkəzinə çevrilmək potensialına malikdir.
“Universitet, eyni zamanda bölgənin sürətli bərpası və modernləşdirilməsində müasir texnologiyaların tətbiqi üzrə fikir mübadiləsi üçün önəmli bir platforma rolunu oynaya bilər. Bir çox texniki sahədə istedadları cəlb etmək üçün universitetin beynəlmiləlləşməsi məsələsi yaxın illərdə qarşıya qoyulan ən önəmli hədəflərdən biri olmalıdır. Universitet rəhbərliyi ilkin fəaliyyət dövründə, həmçinin mülki və nəqliyyat mühəndisliyi, kompüter texnologiyası və inşaat da daxil olmaqla investisiya proseslərinin idarə edilməsi kimi önəmli sahələrə diqqət yetirməklə yüksək akademik mövqeyə çatmaq üçün bütün səylərini cəmləşdirməlidir”
Polşanın Varşava Texniki Universitetinin inşaat mühəndisliyi fakültəsinin istehsalat mühəndisliyi və inşaat idarəetmə kafedrasının müdiri, azərbaycanlı professor, texniki elmlər doktoru Nəbi İbadov isə "Azərbaycan müəllimi"nə açıqlamasında bildirib ki, səfərimiz zamanı Memarlıq və İnşaat və Bakı Mühəndislik universitetlərinin rəhbərliyi və professor-müəllim heyəti ilə görüşüb, texniki laboratoriyaların imkanları ilə tanış olub, həmçinin potensial elmi əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri ətrafında müzakirələr aparıblar.
“Biz, həmçinin Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetinin fəaliyyət istiqamətləri və qarşıya qoyulan hədəflər barədə məlumatlandıq. Qarabağ Universitetində innovasiyaların tətbiqi iqtisadi inkişafa öz müsbət təsirini göstərə bilər. Bu istiqamətdə atılacaq önəmli addımlardan biri mühəndislik, bərpa olunan texnologiyalar və təbii sərvətlərin idarə edilməsi kimi müasir ehtiyaclar ilə bağlı keyfiyyətli proqramların təmin edilməsidir. Çünki bu sahələr bölgənin uzunmüddətli inkişafı üçün çox önəmlidir. Bundan əlavə, müasir planlaşdırma konsepsiyalarının tətbiqi və inkişafı, tikinti layihələrinin təşkili və icrası, struktur dizaynı, nəqliyyat və dəmir yolu infrastrukturu da daxil olmaqla, mühəndisliyin müxtəlif sahələrində süni intellektdən istifadəni ehtiva edən proqramlar universitetin bu sahədə aparıcı mövqeyini gücləndirə bilər” – deyə o vurğulayıb.
Oruc MUSTAFAYEV