Məktəb metodistləri üçün qeydiyyat prosesi başa çatıb.
 
Bu barədə “Azərbaycan müəllimi”nə Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova məlumat verib.
 
O bildirib ki, metodist olmaq istəyən 1070 nəfər müəllim qeydiyyatdan keçib.
 
“Bu seçimlərdə sertifikatlaşdırmaya cəlb ediləcək fənn müəllimləri də iştirak ediblər. Nəticədə bu il ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə yanaşı, riyaziyyat, xarici dillər və Azərbaycan dili (dövlət dili) müəllimlərinin də seçilməsi nəzərdə tutulub".
 
A.Rüstəmova əlavə edib ki, müəllimlər metodist olmağa çox həvəslidirlər: “Daxil olan müraciətlərin çoxluğu bizi qəbul prosesinin vaxtını uzatmağa  məcbur etdi. Qeydiyyat üçün aprelin 30-dək verilmiş müddət bitdikdən sonra çoxlu müraciət aldıq və müddəti 5 gün artırmağa qərar verdik. Mayın 6-sı da daxil olmaqla əlavə vaxt vermişdik ki, arzulayan hər kəsin qeydiyyatdan keçmək üçün imkanı olsun. Növbəti mərhələdə müsahibələr təşkil ediləcək, uğur qazananlar təlimlərə cəlb olunacaqlar".
 
Aynur Rüstəmova bildirib ki, müsahibə mərhələsi mayın 20-dən sonra keçiriləcək: “Müsahibənin meyarları ARTİ-nin rəsmi “Facebook" və “Instagram”səhifələrində paylaşılacaq”.
 
Xatırladaq ki, müəllimlərin peşəkar inkişafına kömək  məqsədilə şəhər və regional təhsil idarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrində müasir metodik xidmətin təşkilinə başlanılıb. Hazırda Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı ilə 3 ay öncə 45 ümumi təhsil müəssisəsində fəaliyyətə cəlb olunan metodistlər ibtidai siniflər üzrə metodiki dəstək xidməti göstərirlər. 
 
Xatırladaq ki, metodistlər əsasən sertifikatlaşdırma prosesindən uğurla keçərək 50+ bal toplayan müəllimlərdən seçilir.