Tərtər şəhəri İ.Məmmədov adına 2 nömrəli məktəb-liseyin şagirdinin vəfat etməsi ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
İdarədən "Azərbaycan müəllimi"nə bildirilib ki, araşdırma nəticəsində hadisənin məktəbin ərazisində olmadığı müəyyən edilib.
"Məktəb rəhbərliyi və müəllimlərin izahatına əsasən qeyd edirik ki, 6 may 2024-cü il tarixində şagird 2-ci dərsdə iştirak edib, dərslərarası fasilə bitdikdən sonra sanitar-qovşaqdan istifadə edib və sinif otağına qayıtmadan məktəb ərazisini tərk edib. Ərazini tərk etdikdən qısa müddət sonra şagirdin vəfat etməsi ilə bağlı məlumat yayılıb. Hazırda ölüm faktının səbəbi müvafiq orqanlar tərəfindən araşdırılır. Araşdırmanın nəticəsi barədə idarəyə rəsmi məlumat daxil olduğu təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək" - deyə açıqlamada qeyd olunub.
13:19
Ötən gün Tərtər şəhəri İ.Məmmədov adına 2 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi vəfat edib.
Bu barədə "Azərbaycan müəllimi"nə Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, şagirdin vəfat etmə səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Baş Prokurorluğun Mətbuat xidmətindən isə bildirilib ki, mayın 6-da Tərtər rayonu ərazisində iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan birinin huşunu itirməsi və aparıldığı xəstəxanada ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Qeyd olunub ki, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır.