"İşğaldan azad edilmiş ərazilərdəki məktəblərdə 1000-ə yaxın şagird təhsil alır, eyni zamanda 100-dən çox müəllim və texniki işçi çalışır".
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsində deyib.
 
O bildirib ki, Şuşada inşa olunan məktəb binası da artıq hazır vəziyyətdədir və sentyabrın 15-dən burada tədris başlayacaq: "Bundan başqa, Xankəndi şəhərində 1, ola bilsin, 2 məktəbimiz olacaq. Cəbrayıl və Kəlbəcərdə tikilən məktəblərin açılışını planlaşdırırıq. O cümlədən peşə məktəbləri və bağçalar inşa olunur. Təxminən 20-dən çox kənddə məktəblər layihələndirmə və ya tikinti mərhələsindədir. Bu proses 2025–2026-cı illərdən tamamilə başqa bir sürətlə irəliləyəcək. Çünki ilk illərdə icra olunan layihələr daha çox infrastrukturla bağlı idi. Qayıdışın intensivləşməsi ilə əlaqədar bu işlər də sürətlənəcək. Elm və Təhsil Nazirliyi olaraq bizim əsas istiqamətlərimizdən biri Böyük Qayıdış prosesini təhsilin müxtəlif pillələrində effektiv şəkildə həyata keçirməkdir".