“Düşünürəm ki, bizim ən vacib istiqamətlərimizdən biri də mövcud olan elmi potensialla ali təhsil müəssisələrimizin reytinqlərini əlaqələndirməkdir”.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsində deyib.
 
O bildirib ki, yaxın aylarda yeni reytinqlər açıqlanacaq. “Bizim məqsədimiz hansısa bir ali təhsil müəssisəsini sıçrayışla irəli aparmaq deyil. Bir neçə ali təhsil müəssisəsini qlobal reytinqlərdə görmək istəyirik. 5-6 ali təhsil müəssisəsinin müəyyən mənada bu imkanları var. Onlar qlobal reytinqlərə düşdükdən sonra biz bu sayı 7-8-ə çatdıracağıq. Bir universitetin reytinqinin formalaşması üçün 5 il vaxt lazımdır. Biz bu işi faktiki olaraq 1 ildir ki, görürük. Bu il görəcəyimiz nəticə 1 ildə gördüyümüz işin nəticəsi olacaq. Hələ qarşıda 4 il də irəliyə getmək üçün ciddi potensialımız olacaq. Əgər buna nail ola biləriksə, ilk olaraq tarixi universitetlərimizin dünyanın ən yaxşı 800-lüyünə düşməsini hədəfləyirik”.