Aprelin 26-da "T-network" və "Azərbaycan müəllimi" qəzetinin birgə təşəbbüsü ilə start verilən "Azərbaycan müəllimi ilə qürur duy" kampaniyası uğurla başa çatıb.
 
Kampaniyanın məqsədi cəmiyyətimizdə Azərbaycan müəlliminin fəaliyyətinə diqqət çəkmək məqsədi daşıyırdı.
 
Yüzlərlə sosial şəbəkə istifadəçisi kampaniya çərçivəsində müəllimlik peşəsinin əhəmiyyətinə, gələcək nəslin təlim-tərbiyəsində, sağlam düşüncəli vətəndaş kimi yetişmələrində oynadıqları rola dair paylaşımlar edib. 
 
Kampaniyaya qoşulan hər kəsə təşəkkür edirik!
 
Qeyd edək ki, son illərdə müəllimlərin peşəkar inkişafı və onların rifahının yaxşılaşdırılması üçün mühüm addımlar atılıb. Bu mənada, müəllimlərin bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilən diaqnostik qiymətləndirmələr və sertifikatlaşdırma imtahanları da məhz bu məqsədə xidmət edir.
 
Məlumat üçün qeyd edək ki, keçənilki sertifikatlaşdırma prosesinə 29951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17914 təhsilverənin əməkhaqqına isə 10 faiz artım tətbiq edilib.
 
Hazırda sertifikatlaşdırmadan yüksək nəticə əldə etmiş müəllimlər, eyni zamanda metodist kimi də fəaliyyət göstərirlər və bu istiqamətdə də müvafiq tədbirlər həyata keçirilir.
 
Beləliklə, müəllimlərin rifahının yaxşılaşdırılması, onların peşəkarlığının artırılması istiqamətində tədbirlərin təşkili təhsilin də inkişafına öz müsbət təsirini göstərməkdədir. 
 
"Azərbaycan müəllimi" qəzeti müəllimlərimizlə daha yaxından əməkdaşlıq etmək niyyətindədir. Müəllimlərimizin təklif və iradlarının öyrənilməsi, o cümlədən onların tədris prosesinə dəstək göstərmək məqsədilə tədbirlərimizi davam etdirəcəyik.
 
Azərbaycan müəllimi ilə qürur duy, çünki gələcəyimizin möhkəm təməllər üzərində qurulması onlardan asılıdır!