Sumqayıt Dövlət Universiteti (SDU), Təhsilin İnkişafı Fondu (TİF) və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında “Universitetlərin elmi-pedaqoji heyətinin və təhsilalanların IELTS imtahanına təşviq edilməsi haqqında” üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə çıxış edən SDU-nun rektoru Rüfət Əzizov universitetin fəaliyyət istiqamətləri barədə məlumat verib. Rektor 6 fakültədə bakalavriat və magistratura təhsili verən klassik universitet modelinə malik SDU-da təhsilverən və təhsilalanların ingilis dili səviyyəsinin yüksəldilməsi məqsədilə hazırlıq kursları, imtahanların təşkili kimi həyata keçirilən cari təşəbbüslərdən bəhs edib. Eyni zamanda müasir dövrdə ingilis dili bacarıqlarının vacibliyini qeyd edib, universitetdə ingilis dilində tədrisin aparılması ilə bağlı planlar haqqında məlumat verib.
 
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun ümumi fəaliyyəti, strateji hədəfləri və layihənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, müqavilə özündə elmi-pedaqoji heyət və tələbələrin ingilis dili bacarıqlarının inkişaf etdirilməsi fəaliyyətinin dəstəklənməsi çərçivəsində üçtərəfli əməkdaşlığı ehtiva edir. E.Nəsibov TİF tərəfindən universitetin Dayanıqlı İnkişaf Mərkəzinin fəaliyyətinə dəstək olacağını da bildirib.
 
Təhsildə Keyfiyyət Təminatı Agentliyi İdarə Heyətinin sədri Tural Əhmədov isə əmək bazarında dil biliklərinin rolunu qeyd edib, bu istiqamətdə həyata keçirilən layihələrdən söz açıb. Vurğulayıb ki, IELTS imtahanına təşviq edilməsi ilə bağlı layihə müəllim və tələbələrin gələcək nailiyyətlərinə öz müsbət təsirini göstərəcək.
 
Tədbirin sonunda üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.