Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) ilə Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığında SDU-da “İllik Mühasiblər Forumu-2024” keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilb.
 
Forumu ARPA-nın sədri Günay Şahbazova açaraq rəhbərlik etdiyi qurumun 2009-cu ildə ölkədə maliyyə və idarəetmə sahəsində inkişafa nail olmaq məqsədilə təsis edildiyini, mühasibat uçotu sahəsində 2019-cu ildən “Peşəkar mühasib təşkilatı” kimi akkreditasiyadan keçdiyini bildirdi. Forumun SDU-da təşkil olunmasını ARPA-nın ölkənin ali təhsil müəssisələri ilə birgə keçirilməsi nəzərdə tutulan layihələr çərçivəsində olduğunu bildirdi. Çıxışının sonunda sədr iştirakçılara panel iclaslarında uğurlar arzulayıb.
 
Daha sonra SDU-nun rektoru, dosent Rüfət Əzizov qonaqları salamladı və universitetlə faydalı əməkdaşlığa görə ARPA-ya təşəkkür etdi. Oxşar tədbirlərin təhsilin məzmununun keyfiyyətcə dəyişməsində oynayacağı rolu qeyd edən rektor mühasibat işinin cəmiyyətin iqtisadi inkişafında xüsusi çəkisi olduğunu bildirdi. Dövlət orqanları ilə müəssisələr arasında münasibətlərin normallaşmasını iqtisadiyyatın güvənli inkişafı üçün əsas şərtlərdən olduğunu qeyd edən Rüfət Əzizov bu halda hesabatlılıq, qarşılıqlı inamın adi praktikaya çevrildiyini vurğuladı. Bu ilin payızında keçiriləcək beynəlxalq əhəmiyyətli tədbir - COP29 ərəfəsində ölkəmizin hədəflədiyi “Yaşıl iqtisadiyyat”ın inkişafının əhəmiyyəti qeyd edilib.
 
Audiotorlar Palatasının sədri Vahid Novruzov ali təhsil müəssisələri ilə əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçməli olduğunu vurğuladı və müvafiq yüksəkixtisaslı kadrlar yetişdirən ali məktəblərə daha çox ehtiyac olduğunu bildirdi, belə forumların hər il SDU-da da keçirilməsini təklif edib.
.
Forum Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva, Mərkəzi Bankının böyük iqtisadçısı Səmra Abbasovanın məruzələri ilə davam edib.
Daha sona bədii hissə baş tutdu. Bədii hissədə istedadlı tələbələrimizin iştirakı ilə rəqs nömrələri nümayiş olundu. Forum Mühasibat uçotu və audit kafedrasının müdiri dosent Loğman Abdullayevin moderatorluğunda “Peşəkar mühasibin təhsil problemləri”, UNEC-in Beynəlxalq iqtisadiyyat və biznes kafedrasının baş müəllimi Abdulkərim Sadıqov moderatorluğunda “Mühasibatlığın rəqəmsal dövrü”, “Bakı Hesabat Mərkəzi” MMC-nin direktoru Mehdi Babayev moderatorluğunda “Vergi münasibətləri–perspektivlər” mövzusunda panellərlə davam edib.