Martın 9-da İtaliyanın paytaxtı Roma şəhərində Azərbaycan İtaliya Gənclər Assosasiyasının təşkilatçılığı ilə  “İtaliyada təhsil alan azərbaycanlı tələbələrin İtaliya cəmiyyətinə və siyasi dairələrinə inteqrasiyası” mövzusunda  bir ay davam edəcək layihəyə start verilib.  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təqaüdçüsü,  Azərbaycan İtaliya Gənclər Assosasiyasının sədri Fərid Abbasovdan aldığımız məlumata əsasən,  tədbir Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Mərasimdə    çıxış edən  F. Abbasov tədbir iştirakçılarını  salamlayaraq layihənin önəmindən bəhs edib.  O, 80-dən çox tələbənin iştirak etdiyi layihənin gənclərin yerli ictimaiyyətə  inteqrasiyasında, o cümlədən onların istər fərdi,  istərsə də toplum olaraq formalaşmasında əhəmiyyətinin böyük olduğunu vurğulayıb.  Tədbirdə qonaq ekspert qismində çıxış edən, 22 ildir ki,  Romada yaşayan, eyni zamanda BMT-nin ən böyük qurumlarından olan Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Strategiya, planlaşdırma və resursların idarə olunması idarəsinin rəhbəri Elxan Əliyev layihənin önəmindən,  İtaliyaya inteqrasiyanın üstünlükləri, BMT-də iş imkanları və təmsilçilik barədə tələbələrimizə geniş məlumat verib. Tələbələrdə maraq doğuran önəmli məqamları izah edərək bu cür mötəbər bir qurumda azərbaycanlı olaraq təmsil olunmağın ölkəmiz üçün əhəmiyyətli bir məsələ olduğunu vurğulayıb.

 

Azərbaycan İtaliya Gənclər Assosasiyasının həmsədri Emin Rüstəmov təşkilatın yaranma tarixindən, bu il fəaliyyətinin 5-ci ilini qeyd edən AİGA –nın İtaliyada gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən bəhs edib.  E. Rüstəmov gələcəkdə də fəaliyyətlərini davam etdirəcəklərini, dövlətimizin maraqlarının qorunması, azərbaycanlılar arasında birliyin möhkəmləndirilməsi,Qarabağ həqiqətlərinin yerli İtaliya ictimaiyyətinə çatdırılması istiqamətində yorulmadan fəaliyyət göstərəcəklərini bildirib.

 

F.Abbasovun sözlərinə görə, bir ay ərzində davam edəcək layihənin növbəti mərhələlərində İtaliyanın nüfuzlu tələbə gənclər təşkilatları, QHT-ləri, siyasi qurumların təmsilçiləri, tanınmış professorlar, eyni zamanda uzun illərdir ki,  İtaliyada yaşayan və fəaliyyət göstərən, İtaliyanın müxtəlif qurumlarında təmsil olunan azərbaycanlılar ekspert qismində iştirak edərək layihə iştirakçılarını məlumatlandıracaqlar.

 

Orus MUSTAFAYEV