Süni intellekt ilə bağlı cəmiyyətdə insanların fikirləri iki qrupa ayrılır. Süni intellekt yaxşıdır və tətbiq olunmalıdır, müxtəlif sahələrdə yeniliklər yaratmalıdır, problemlər həll etməlidir deyə düşünən bir qrup insan var. Digəri isə süni intelekt təhlükədir, insan həyatına daha çox təhlükə yaradacaq, dünyanın və bəşəriyyətin gələcəyi üçün çox ciddi təhdidlər yaradır, buna görə o tətbiq olunmamalıdır, təqib olunmalıdır, izlənməlidir. Fikrimcə, ən yaxşısı bu iki qrupun ortaq məxrəcini tapmaqdır.
 
Bunu AZƏRTAC-a açıqlaması zamanı Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov deyib.
 
Fariz Cəfərov qeyd edib ki, süni intellekt bu gün həyatın müxtəlif tərəflərində tətbiq olunur.
 
“Kənd təsərrüfatı sahəsində məhsuldarlığı ölçmək, suyun düzgün istifadəsi, eyni zamanda, iqtisadiyyatın müxtəlif sahələrində çevik qərarlar qəbul etmək, tibb sahəsində insan beynini öyrənib, xəstəlikləri (xüsusilə xərçəng xəstəliyini) müəyyənləşdirmək üçün süni intellekt tətbiq olunur. Bununla yanaşı, müxtəlif Çağrı Mərkəzlərində insanların müraciətlərini anlamaq, səsin qeydi, aidiyyətı üzrə yönləndirilməsi üçün süni intellektdən istifadə olunur. Həmçinin süni intellekt bu gün portların, avtomobillərin, təyyarələrin idarə olumasında tətbiq olunur. İnsanlar arasında hazırda ən məşhur süni intellekt məhsulu “ChatGPT”dir. İnsanlar suallarına generativ süni intellekt vasitəsilə cavab tapırlar, şəkillər, əsərlər yarada bilirlər, bir neçə saniyə ərzində yeni şəhərlər qura bilirlər. Azərbaycan olaraq bizdə bir neçə sahə üzrə süni intelelktin tətbiqi ilə bağlı işlərimiz var. Süni intellektin datalar əsasında işləməsi üçün “rəqəmsal əkiz” layihəsinin yaradılması və tətbiqi Azərbaycanda Rəqəmsal İqtisadiyyatın inkişafı üzrə Strategiyanın tərkib hissəsindən biridir. Şəhərlərin “rəqəmsal əkizini” yaratmaqla, binaların, kənd təsərrüfatı ərazilərinin və müxtəlif obyektlərin rəqəmsal əkizini ərsəyə gətirməklə gələcək üçün çevik qərarlar qəbul etmək imkanı yaradan sistemin qurulması üzərində işlər gedir. Azərbaycanda “rəqəmsal əkiz” sistemi bütün ölkəni əhatə edəcək. İlkin mərhələdə pilot olaraq bir ərazi seçiləcək və həmin ərazi üzərindən başlanılıb, nəticələrin digər ərazilər istiqamətində də reallaşdırılması həyata keçiriləcək”, - deyə F.Cəfərov bildirib.
 
Doğma dilimizdə süni generativ intellektin yaradılması üzrə işlərin davam etdiyini qeyd edən Fariz Cəfərov Azərbaycan dilində böyük dil bazasının formalaşdırılması üzərində işlərin aparıldığını vurğulayıb.