Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru Gülçöhrə Məmmədova “QS Quacquarelli Symonds” Beynəlxalq Reytinq Agentliyinin Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Sergey Xristolyubovla görüşüb.  

 

“Azərbaycan müəllimi” xəbər verir ki, “dəyirmi masa” ətrafında keçən görüşdə 2024-cü il QS reytinqindəki uğur, perspektiv və hədəflərdən bəhs olunub.

 

G.Məmmədova AzMİU-da elmi potensialın gücləndirilməsi, beynəlxalq elmi əməkdaşlıqların artırılması, prioritet sahələrdə xarici universitetlərlə tədqiqat və təhsil layihələrinin həyata keçirilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının inkişafı, elmi nailiyyətlərin yüksəldilməsi yönündə görülən konkret işlərə toxunub. Rektor beynəlxalq reytinqlərdə irəliləməyi hər zaman hədəf  kimi müəyyənləşdirən AzMİU-nun qlobal rəqabət qabiliyyətini artırmaq istiqamətində daim çalışdığını bildirib. 

 

Görüşdə QS-in regional direktoru Sergey Xristolyubov universitetin fəaliyyətindən məmnunluğunu ifadə edib. AzMİU-nun QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunduğunu deyən qonaq bu münasibətlə G.Məmmədovanı təbrik edib. S.Xristolyubov bildirib ki, AzMİU-nun QS reytinqində yer alması sevindiricidir və universitetin inkişafı üçün böyük əhəmiyyət kəsb edir.