Bakı Mühəndislik Universitetində informasiya-kommunikasiya texnologiyaları (İKT) və kibertəhlükəsizlik sahəsində yüksəkixtisaslı mütəxəssis hazırlığına kömək məqsədilə bp şirkətinin dəstəyi ilə yaradılan ilk kibertəhlükəsizlik laboratoriyasının açılış mərasimi keçirilib.

 

“Azərbaycan müəllimi” xəbər verir ki, aidiyyəti dövlət qurumları nümayəndələrinin iştirak etdiyi mərasimdə rektor Yaqub Piriyev universitet üçün əlamətdar olan bu tədbirin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə təsadüf etməsini xüsusi vurğulayıb, Ulu Öndərin həyatının 25 ilini milli təhlükəsizlik sisteminə xidmətə həsr etdiyini diqqətə çatdırıb.

 

İKT-nin sürətli inkişafı nəticəsində meydana gələn kibercinayətkarlığın qlobal müstəvidə təhlükəsizlik məsələlərinin həllini aktuallaşdırdığını qeyd edən rektor Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə kibertəhlükəsizliklə bağlı infrastrukturun və qanunvericiliyin təkmilləşdirilməsi, bu istiqamətdə kadrların hazırlanması üçün mühüm addımlar atıldığını, eyni zamanda kibertəhlükəsizliyin Azərbaycanın 2030-cu ilə qədər milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri olduğunu deyib.  Bildirib ki, xüsusən 44 günlük Vətən müharibəsindəki qələbədən sonra dünyada nüfuzu kəskin artan Azərbaycana qarşı bəzi qüvvələrin informasiya təhlükəsizliyi sahəsində müəyyən problemlər yaratmağa çalışdıqları heç kimə sirr deyil.  Son illər ölkədə İKT, xüsusilə də kibertəhlükəsizlik sahəsində mütəxəssis hazırlığında ciddi dönüşün yarandığını vurğulayan rektor bu məqsədlə informasiya təhlükəsizliyi ixtisası üzrə Elm və Təhsil Nazirliyində aidiyyəti dövlət qurumları ilə birgə beynəlxalq tələblərə cavab verən təhsil proqramının hazırlandığını söyləyib.

 

Y.Piriyev ölkədə kibertəhlükəsizlik üzrə təhsil verən azsaylı ali təhsil müəssisələrindən biri kimi BMU-da bu ildən etibarən İKT ixtisaslarının əsas baza təhsili kimi götürülməsinin nəzərdə tutulduğunu bildirib. bp şirkətinin dəstəyi ilə bundan öncə BMU-da kimya sahəsi üzrə müasir laboratoriyaların qurulmasından da söz açan rektor şirkətə təhsil sahəsinə verdiyi dəstəyə görə minnətdarlıq edib.

 

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli də İKT və kibertəhlükəsizlik bacarıqları, ümumilikdə digər mühəndislik qabiliyyətləri üzrə təlim və tədrisin keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək 3 laboratoriyadan ilkinin məhz BMU-da açılmasından məmnun olduqlarını vurğulayıb. İKT-nin gündəlik həyatımızda yüksək əhəmiyyətini önə çəkən vitse-prezident qeyd edib ki, buna görə də kibertəhlükəsizlik, məlumat analitikası, proqram təminatının işlənib hazırlanması və digər əlaqəli sahələri əhatə edən bacarıqların inkişafı geniş karyera imkanlarına qapı aça bilər: “Ölkənin İKT imkanları və mütəxəssis bacarıqları nə qədər güclü olarsa, onun informasiya sistemləri bir o qədər təhlükəsiz olar. Ümid edirik ki, layihəmiz ölkənin onlayn təhlükəsizliyini təmin etmək üçün lazımi bacarıqların inkişaf etdirilməsi səylərinə töhfə verəcək”.

 

Tədbirdə, həmçinin Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədri Elvin Balacanov çıxış ediblər.

 

Sonra Kibertəhlükəsizlik laboratoriyasının açılışı olub. Bildirilib ki, laboratoriya bp tərəfindən xüsusi olaraq alınmış və universitetdə quraşdırılmış 30 ədəd müasir, innovativ İKT avadanlığı və proqram təminatı ilə təchiz edilib. Hər il 1000-ə yaxın müəllim və tələbənin laboratoriyadan istifadə edərək İKT sahəsində öz bilik və bacarıqlarını təkmilləşdirəcəyi,  ümumilikdə rəqəmsal transformasiyanı mənimsəyəcəkləri gözlənilir.