Mayın 2-də Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinin yekun tədbiri keçirilib.
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.
Tədbir ərzində məktəblilərin ifasında Məhəmməd Füzulinin əsərləri, qəzəllərinə bəstələnən mahnılar səsləndirilib, dahi şairə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Layihənin məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdan ibarət olub.
Layihə çərçivəsində respublikada fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “dəyirmi masa”lar, debatlar, şairin fəaliyyətinə həsr olunmuş əsərlər, məqalə və kitablarla tanışlıq, poeziya gecələri, ədəbi-bədii kompozisiyalar, ədəbiyyat, eləcə də incəsənət xadimləri ilə görüşlər təşkil olunub, “Füzuli dünyası” adlı intellektual oyun və müsabiqə keçirilib.