Bakı Mühəndislik Universitetinin (BMU) III kurs tələbəsi, sambo üzrə Azərbaycan milli yığma komandasının üzvü Şahin Əsədov (məşqçi Vahid Tarıverdiyev) 10-11 may tarixlərində Serbiya Respublikasında keçiriləcək sambo idman növü üzrə gənclər arasında Avropa çempionatında iştirak edəcək.
Bu barədə “Azərbaycan müəllimi”nə BMU-dan məlumat verilib.
Bildirilib ki, bundan öncə Gürcüstanın Tbilisi şəhərində sambo güləşi üzrə kişilər arasında dünya və Avropa çempionu Arçil Çoxeliyə həsr olunmuş beynəlxalq turnirdə milli yığma komandanın tərkibində iştirak edən BMU tələbəsi erməni rəqibinə tam üstünlüklə (9-0) qalib gələrək, bürünc medal qazanıb.
5 yaşından cüdo-sambo idman növü ilə məşğul olan Şahin Əsədov indiyə qədər bir çox nailiyyətlərə imza atıb. 2018, 2019-cu illərdə cüdo üzrə ölkə birinciliyində iki dəfə bürünc medal, 2022-ci ildə isə respublika üzrə çempionatda gümüş medal qazanıb. Bundan əlavə, 2021 və 2023-cü illərdə respublika çempionu olan tələbəmiz 2023-cü ildə Bakıda keçirilən Raquf Orucov adına Beynəlxalq Cüdo Turnirində bürünc medal qazanıb.
BMU tələbəsinin qatılacağı növbəti yarış - gənclər arasında sambo üzrə dünya birinciliyi cari ilin 16 oktyabr tarixində Cənubi Kipr Respublikasında təşkil olunacaq.