Azərbaycan Texnologiya Universitetində “GreenTech” Startap və Yaşıl Texnologiyalar” müsabiqəsi keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutub.
 
Yarış Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı (ATU), Təhsilin İnkişafı Fondu (TİF), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Kapital Bank, “Bir” Tələbə-Könüllü Təşkilatı, Azersun, ATS Food və AzGranatanın dəstəyi ilə həyata keçirilib.
 
Açılış mərasimində ATU-nun rektoru dosent Yaşar Ömərov çıxış edərək bildirib ki, müsabiqənin keçirilməsində məqsəd universitetlərdə yaşıl texnologiyaların inkubasiya mühitinin inkişafına dəstək, tələbələrin innovativ bacarıqlarının formalaşdırılması, həmçinin universitetlərarası əməkdaşlığın genişləndirilməsidir.
 
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi dos. Vazeh Əskərov, GDU-nun rektoru Yusif Yusibov, İRİA-nın Səriştələrin inkişafı departamentinin müdiri Fatimə Ələkbərova, “Bir” Tələbə-Könüllü Təşkilatının rəhbəri Leyla Zeynalova da çıxış edərək müsabiqə iştirakçılarına uğurlar arzu ediblər.
 
Daha sonra yarışa təqdim olunan layihələrdən ibarət stendlərə baxış keçirilib.
 
Müsabiqədə 17 universitetin 200 tələbədən ibarət 60-dan çox komandası 5 kateqoriya üzrə mübarizə aparıb. Robototexnika, Mexatronika, Enerji sistemləri mühəndisliyi, İnsanlıq naminə texnologiyalar, Davamlılıq üçün Sİ olmaqla hər kateqoriya üzrə I, II, III və həvəsləndirici yerlər müəyyənləşib. Münsiflər heyətinin dəyərləndirməsindən sonra qalib komandalar sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılıb.