Sumqayıt Dövlət Universitetinin (SDU) və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşəbbüsü ilə orta məktəblərin yuxarı sinif şagirdlərinin universitetlə tanışlığı məqsədilə təşkil olunan “Açıq qapı” günləri başa çatıb.

 

SDU-dan “Azərbaycan müəllimi” nə bildirilib ki, görüşlərdə şagirdlər universitetin fəaliyyəti, maddi-texniki bazası, fakültələri, ixtisasları və ən müasir tələblərə cavab verən laboratoriyaları haqqında məlumatlandırılıblar. Sonra şagirdlər Heydər Əliyev Mərkəzi, auditoriyalar, müasir avadanlıqla təchiz olunmuş zəngin laboratoriyalar, həmçinin tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün universitetin həyətində yaradılan şahmat lövhəsi, süni örtüklü futbol, voleybol və basketbol meydançaları, stolüstü oyunlar üçün qurulmuş guşələr və “Tələbə evi” ilə yaxından tanış olublar.

 

Görüşlərdə qeyd olunub ki, universitet məktəblərlə əlaqələrini genişləndirir,  şagirdlərdə elmə maraq yaratmaq məqsədilə müxtəlif ixtisaslar üzrə fənn olimpiadaları təşkil edir.

 

Sonda məktəb nümayəndələri universitet rəhbərliyinə “Açıq qapı” nın təşkili üçün təşəkkürlərini bildiriblər.