Bakı Dövlət Universitetində (BDU) Dövlət Məşğulluq Agentliyinin təşkilatı dəstəyi ilə BDU-nun 105 illik yubileyinə həsr olunmuş Karyera Festivalı davam edir.

 

“Azərbaycan müəllimi”xəbər verir ki, festivalın ilk günü ölkəmizin nüfuzlu 105 şirkəti tərəfindən BDU-nun tələbə və məzunlarına 1245 vakansiya, 98 təcrübə, 9 təqaüd proqramı təqdim olunub.

 

Festivalın ikinci günü isə müxtəlif mövzularda “workshop” və panel müzakirələr keçiriləcək.

 

Gün ərzində “Yüksəliş” müsabiqəsinin qalibləri olan BDU məzunları panel müzakirələrdə öz uğur hekayələrini bölüşəcəklər. Daha sonra “Fish Farm” şirkətinin nümayəndələrinin iştirakı ilə “Beynəlxalq satış üzrə mütəxəssis”, “Paşa Sığorta” şirkəti tərəfindən “Karyera planlaması” mövzularında “workshop” keçiriləcək. Dövlət Məşğulluq Agentliyinin Mərkəzi karyera filialı isə “Müsahibə texnikaları” adlı seminar, “Karyera planlaması” mövzusunda “workshop” təşkil edəcək.

 

Qeyd edək ki, festivalın keçirilməsində məqsəd tələbə və məzunların əmək bazarına çıxışını asanlaşdırmaq, işəgötürənlərlə əlaqələrin qurulmasını təmin etməkdir.