Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisasının V kurs tələbəsi Nihad Əhmədli 4-ü tam təqaüdlü olmaqla, ümumilikdə ABŞ-nin 6 universitetinin birbaşa doktorantura səviyyəsinə qəbul olub.
“Azərbaycan müəllimi” xəbər verir ki, tələbənin təqaüd qazandığı universitetlər Hyuston, Luiziana, Kansas və Tulsa universitetləridir. O, Mərkəzi Florida və Nyu-Hempşir universitetlərinə də qəbul alıb.
Nihad təhsilini Hyuston Universitetində davam etdirəcək, həmçinin burada tədqiqat işi üzrə köməkçi kimi çalışacaq. Onun buradan qazandığı illik təqaüdün məbləği 55.000 ABŞ dollarıdır.
Nihad BANM-ın fəal tələbələrindən biridir. O, 2019-cu ildə BANM-a 638.3 balla qəbul olub. “TEKNOFEST 2023” yarışının finalçılarından biridir. “SOCAR Türkiyə” də daxil olmaqla, SOCAR-ın bir sıra müəssisələrində, həmçinin digər şirkətlərdə təcrübə keçib.