Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr etdiyi  “Heydər Əliyev və hüquqi dövlət” adlı hüquq olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

“Azərbaycan müəllimi” xəbər verir ki, mükafatlandırılma mərasimində ADU-nun rəhbərliyi, Konstitusiya Məhkəməsinin nümayəndələri, universitetin struktur rəhbərləri və tələbələr iştirak ediblər.

 

ADU-nun rektoru akademik Kamal Abdulla tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki, Azərbaycan gəncliyi öz hüquqlarını və vəzifələrini dərindən bilməli, Vətəninə, xalqına ləyaqətlə xidmət etməlidir: “Bu gün Azərbaycan gəncliyi öz təhsilində, fəaliyyətində son dərəcə ləyaqətlə və məsuliyyətlə çalışmalı, şəhidlərimizin qanı, canı hesabına bütöv olan Azərbaycanı daha çox sevməli və onun inkişafına təkan olmalıdırlar. Hər birimiz öz bilik və bacarığımızla üzərimizə düşən öhdəlikləri yüksək peşəkarlıqla yerinə yetirməliyik”.

 

ADU-nun beynəlxalq münasibətlər kafedrasının müdiri professor Aida Yusifzadə olimpiada ilə bağlı məlumat verib. Qeyd edib ki, tələbələr bu olimpiadaya böyük maraq göstəriblər və nəticələr kifayət qədər uğurludur.

 

Konstitusiya Məhkəməsi Aparatının Konstitusiya hüququ şöbəsinin müdiri, III dərəcəli dövlət qulluğu müşaviri Dürdanə Məmmədova Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin olimpiada iştirakçılarına müraciətini oxuyub.

 

Bildirilib ki, qurum tərəfindən gənclər arasında konstitusion dəyərlərin təbliği məqsədilə ənənəvi olaraq olimpiadalar təşkil edilir, maarifləndirmə işləri aparılır.

 

Daha sonra mükafatlandırma mərasimi olub, olimpiada qaliblərinə diplom və xatirə hədiyyələri təqdim edilib.