AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin təşkilatçılığı ilə AMEA-da 2024-cü il üçün doktorantura və dissertanturaya sənəd qəbulu ilə bağlı vəziyyətin monitorinqinə həsr olunmuş iclas keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, hibrid formada keçirilən iclasda Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (ETN) aidiyyəti məsul şəxsləri iştirak ediblər.
Öncə MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov iştirakçıları tədbirdə görməkdən məmnunluğunu ifadə edib və bu tipli görüşlərin əhəmiyyətini vurğulayıb.
AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavərinin mövzu ilə əlaqəli çıxışı dinlənilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikada elm və təhsilin yeni inteqrasiya modelini müəyyənləşdirən 28 iyul 2022-ci il tarixli Sərəncamından sonra AMEA-nın yeni tələblər əsasında qurulduğunu diqqətə çatdıran Sərxan Xavəri akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Akademiyada çoxistiqamətli islahatların - struktur islahatları, yeni elmi müəssisələrin təşkili, yeni Nizamnamə, elektron Akademiya sahəsində görülən işlər, beynəlxalq əlaqələr, xüsusən türk ölkələri ilə əlaqələrin inkişafı, ideoloji sahədə həyata keçirilən möhtəşəm işlər və s.-in həyata keçirilməkdə olduğunu vurğulayıb: “Bu islahatların mühüm istiqamətlərindən biri elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, respublikada yüksəkixtisaslı kadr hazırlığı sahəsində fəaliyyətin təkmilləşdirilməsi, doktorant hazırlığı prosesinə beynəlxalq təcrübənin tətbiqi istiqamətində tədbirlər təşkil edilməsidir. Ona görə də yüksəkixtisaslı kadr hazırlığı hazırda Akademiya üçün strateji xarakter daşıyır. Hesab edirik ki, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə məsul qurumlar olaraq Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası qarşılıqlı əməkdaşlığı daha da gücləndirməli, qarşıya çıxan problemlər birgə müzakirə edilməlidir”.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”nın təsdiq edildiyini xatırladan şöbə rəhbəri bununla əlaqədar olaraq, respublikada ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə start verildiyini və bu prosesin hazırda davam etməkdə olduğunu bildirib. Diqqətə çatdırılıb ki, AMEA-da ilk dəfə olaraq sənəd qəbulu paralel olaraq portal.edu.az vasitəsilə elektron qaydada həyata keçirilir. Sözügedən xidmət sayəsində “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edirlər.
Elm və Təhsil şöbəsinin rəhbəri onu da nəzərə çatdırıb ki, Nazirlər Kabinetinin qəbul planına əsasən, AMEA-nın elmi müəssisə və təşkilatlarına doktorantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 68 yer (45 yer əyani, 23 yer qiyabi), doktorantura yolu ilə elmlər doktoru hazırlığı üzrə 17 yer (3 yer əyani, 14 yer qiyabi), dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 50 yer, dissertantura yolu ilə elmlər doktoru hazırlığı üzrə isə 41 yer müəyyən edilib. Məruzəçi sənəd qəbulunun 16 aprel 2024-cü il tarixindən 15 may 2024-cü il tarixinədək bir həyata keçiriləcəyini bildirib.
İclasda Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Ali və Peşə təhsili pilləsinin elektronlaşdırılması üzrə kuratoru Cavad Mustafazadə, TSİİ Ali və Orta İxtisas Təhsili Alt Sisteminin layihə rəhbəri Nicat Etibaroğlu, TSİİ Ali və Orta İxtisas Təhsili Alt Sisteminin layihə meneceri, mütəxəssis Leyla İsayeva qəbulla bağlı aparılan son mərhələnin monitorinq nəticələrindən danışaraq, müraciətlərin elektron formada təşkilinin qəbul prosesinə daha çevik, rahat və keyfiyyət baxımından yüksək şərait yaradacağını vurğulayıblar.
Tədbirdə Elm və Təhsil şöbəsinin müdir müavini fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov bu günə qədər sənəd qəbulunun statistik göstəricilərini iclas iştirakçılarının diqqətinə çatdırıb və bu istiqamətdə aktivliyin artılılmasına zərurət olduğunu bildirib.
Tədbirdə AMEA elmi müəssisələrinin Təhsil şöbələrinin rəhbərləri elektron sənəd qəbulu prosesinin gedişi ilə bağlı fikir və mülahizələrini səsləndiriblər.
Qarşılıqlı işgüzar dialoq və interaktiv müzakirə şəraitində keçən iclas iştirakçılar tərəfindən maraqla qarşılanıb.